MƏDƏNİYYƏT


Sofiyada “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izləri ilə” adlı fotosərgi açılıb VİDEO

Sofiya, 19 fevral, AZƏRTAC

Ölkəmizin Bolqarıstandakı səfirliyi və Bolqarıstan Milli Təbii Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izləri ilə” adlı fotosərginin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Bolqarıstanın Milli Təbii Tarix Muzeyinin direktoru Nikolay Spasovun başçılığı ilə bolqar alimlərinin 2018-ci ilin payızında Azərbaycanın Hirkan Milli Parkına ekspedisiyası zamanı çəkilmiş şəkillər və videoçarxlar nümayiş olunur.

Bolqarıstanın Milli Təbii Tarix Muzeyində reallaşan sərginin açılışından öncə muzeyin direktoru Nikolay Spasov, Bolqarıstanın Elmlər Akademiyasının sədri Yulian Revalski və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.

Ölkəmizə səfəri haqqında təəssüratlarını bölüşən Nikolay Spasov, ekspedisiyanın əsas məqsədinin nəsli kəsilməkdə olan Qafqaz bəbiri, eləcə də ötən əsrin 70-ci illərində yoxa çıxmış Turan pələngi haqqında məlumatın əldə edilməsi olduğunu bildirib. O, səfərin uğurla başa çatdığını bildirərək, üç gün ərzində piyada Talış dağlarının meşələrini gəzdiklərini, müxtəlif yerlərdə foto-tələlər quraşdırdıqlarını və nəticədə bir neçə ay sonra Qafqaz bəbirinin şəkillərini çəkməyə müvəffəq olduqlarını söyləyib. N.Spasov həmçinin Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə planlaşdırılan digər layihələr barədə də danışıb.

Yulian Revalski çıxışında sözügedən ekspedisiya və onun nəticələrindən heyran olduğunu qeyd edib. O, 2018-ci ildə Bolqarıstanın Elmlər Akademiyasının nümayəndə heyətinin Azərbaycana səfər etdiyini vurğulayaraq Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu və müxtəlif sahələri əhatə etdiyini söyləyib.

Sonra çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin zəngin təbiəti haqqında danışaraq Qafqaz bəbiri də daxil olmaqla Azərbaycan faunasının 223 növünün “Qırmızı Kitab”a daxil edildiyini diqqətə çatdırıb. O, bildirib ki, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın “Qırmızı Kitabı”na əsasən, Azərbaycanda 13-17 ədəd bəbir var ki, onlardan 3-4-ü ölkəmizin işğal olunmuş ərazilərində yaşayır. Bəbirlərin ölkəmizin ərazisində ən qədim qalıqlarının Azıx mağarasında aşkar edildiyini diqqətə çatdıran diplomat, bundan əlavə müvafiq heyvan sümüklərinin Qobustan və Ağstafa mağaralarında tapıldığını, hazırda bu heyvanların əsasən, Hirkan qoruğu və Naxçıvanda yaşadığını bildirib. Səfir “IDEA” İctimai Birliyi tərəfindən nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bəbirlərin qorunması ilə bağlı həyata keçirilən “Böyük beşlik” və “Bəbirlərin mühafizəsi” adlı layihələri xüsusi qeyd edib.

Tədbirə Bolqarıstanın elm və ictimai xadimləri, diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri və təbiətsevərlər qatılıblar. Sərgi martın 15-dək davam edəcək.

Qeyd edək ki, ötən ilin oktyabr ayının 2-dən 16-dək davam edən Bolqarıstan alimlərinin ölkəmizə ekspedisiyası, Azərbaycanın Milli Elmlər Akademiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.