MƏDƏNİYYƏT
Sofiyada Novruz bayramı qeyd olunub VİDEO
Sofiya, 17 mart, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada Novruz bayramına həsr olunan tədbir keçirilib.
Tədbirdə Bolqarıstanın Prezident Administrasiyasının, Xarici İşlər, Daxili İşlər, Təhsil və Elm nazirliklərinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ölkənin aparıcı QHT və KİV təmsilçiləri, diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Əvvəlcə Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxarievanın və Sofiya şəhərinin meri Yordanka Fandıkovanın təbrik məktubları oxunub.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Novruzun bu bayramı qeyd edən 300 milyondan çox insan üçün əziz olduğunu söyləyib. O, Novruzun fəlsəfəsində məhz birliyin dayandığını və onun missiyasının insanlar arasında körpü qurmaq və dialoq yaratmaq olduğunu bildirib. Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə və şair Şah İsmayıl Xətainin “Dəhnamə” poemasını xatırladan səfir sözügedən əsərdə Novruzun fəlsəfəsinin gözəl təsvir olunduğunu qeyd edib. O, Novruzun yalnız təbiətin oyanması, çiçəklərin pöhrələnməsi ilə bağlı olmadığını, insanların daxilindəki məhəbbət və şövqün dirçəlişi ilə əlamətdar olduğunu, məhz bu cəhətlərin Novruzu ümumbəşəri etdiyini vurğulayıb. Novruzun qeyd edilməsi ilə bağlı ən qədim təsvirlərin Azərbaycanda olduğunu deyən səfir bu təsvirlərin paytaxt Bakıdan 60 kilometr məsafədə yerləşən Qobustanda olduğunu diqqətə çatdırıb. O, 40 min il yaşı olan bu təsvirlərin Azərbaycanda Novruzun qədim köklərinin sübutu olduğunu bildirib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində azərbaycanlıların hələ eramızdan əvvəl Novruz bayramını qeyd etdiyini bildirən N.Qurbanova şairin əsərlərində bu bayram barədə geniş bədii təsvirlərin olduğunu vurğulayıb. O deyib ki, Azərbaycanda Novruz məhz demokratik fəlsəfəsinə görə sevilir, bu bayram təkcə yaz gecə-gündüz bərabərliyinin qeyd edilməsi deyil, insanların bərabərliyi bayramıdır. Səfir BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi elan olunmasına diqqət çəkərək BMT-nin sabiq baş katibi Pan Gi Munun “Novruz bizə qarşılıqlı anlaşma, hörmət və tolerantlıq vasitəsilə sülh üçün paylaşdığımız dəyər və arzularımızı xatırladır” fikirlərini xatırladıb.
Sonra bolqar musiqiçisi Minko Lambovun rəhbərlik etdiyi qrupun ifasında Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Rain Sultanov və digər caz musiqiçilərinin əsərləri səsləndirilib. Tədbir çərçivəsində N.Qurbanova Bolqarıstan Teleqraf Agentliyinə, Focus xəbər agentliyinə və “Lifestyle” jurnalına müsahibə verib. Müsahibədə səfir Novruz bayramının tarixi, adət-ənənələri, xalqımız tərəfindən onun təntənəli şəkildə qeyd edilməsi barədə danışıb. Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruzun rəmzləri olan şirniyyatlar təqdim edilib.
Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya