MƏDƏNİYYƏT
Sofiyada “Tolerantlıq məskəni” sənədli filminin təqdimatı olub
Sofiya, 27 sentyabr, AZƏRTAC
Sofiyada Bolqarıstan Kinematoqrafçılar İttifaqının Kino Evində “Tolerantlıq məskəni” sənədli filminin premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, İsrail-Bolqarıstan İnstitutunun dəvəti ilə Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov (1997-2002) və Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova xüsusi qonaqlar qismində tədbirdə iştirak ediblər.
“Vreme” studiyasının istehsalı olan sənədli filmdə 2017-ci il martın 31-də 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı Bolqarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilmələrinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfransdan bəhs olunur. Konfransda Bolqarıstanın əhalisi əsasən bolqar türkləri olan Kırcalı vilayətinin inzibati mərkəzi Kırcalı şəhərinin ictimaiyyət nümayəndələri, ölkənin 19 şəhərindən 500-dən çox yuxarı sinif şagirdi, Azərbaycan, ABŞ və İsrail səfirləri iştirak ediblər.
Filmdə səfir Nərgiz Qurbanovanın Kırcalıdakı tədbirdə çıxışı da əks olunub.
Filmin premyerası 1948-ci ildə Bolqarıstandan İsrailə köçmüş və 2 dəfə knessetin üzvü olmuş, bir neçə kitabın müəllifi, o cümlədən 1943-cü ildə Bolqarıstan yəhudilərinin xilasına dair kitabın, həmçinin İsrail Dövlətinin məşhur dövlət xadimləri David Ben-Qurion və Şimon Peresin bioqrafiyalarının müəllifi olmuş yazıçı, tarixçi və siyasətçi Mixael Bar-Zoarın 80 illik yubileyinə həsr olunub.
Tədbirin açılışında çıxış edən sabiq dövlət başçısı P.Stoyanov 1943-cü ildə nasist Almaniyasının müttəfiqi olmuş Bolqarıstanda yəhudi əsilli vətəndaşların ölüm düşərgələrinə deportasiyadan xilas edilmələrinin ölkəsinin tarixində ən şanlı anlardan biri olduğunu deyib, bolqar cəmiyyətinin bütün mütərəqqi qüvvələrinin birgə səyləri nəticəsində həmin gün humanizmin və tolerantlığın amansız şər üzərində qələbə çaldığını bildirib. O, müxtəlif xalqların yaşadığı Bolqarıstanda tarixən yəhudilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığına diqqət çəkərək 48 min yəhudi əsilli vətəndaşın ölümdən qurtarılması nəticəsində milli şərəfin də xilas olunduğunu vurğulayıb. M.Bar-Zoarın dünya ictimaiyyətinin sözügedən hadisələr barədə məlumatlandırılmasında böyük rol oynadığı da bildirilib.
Sonra çıxış edən N.Qurbanova martın 31-də Kırcalıda keçirilmiş tədbiri yüksək qiymətləndirib. Bəşəriyyətin xoşbəxt yaşaması üçün sülhün mühüm önəm daşıdığını söyləyən və bununla əlaqədar iudaizm, xristianlıq və İslamın müqəddəs kitablarından olan Talmud, İncil və Qurandan insan həyatının ali dəyəri və xeyirxah əməllərin əhəmiyyəti haqqında kəlamları xatırladan diplomat səmavi dinlərin Allah bəndələrinin milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq mehriban yaşamasına çağırdıqlarını və bu nəcib amala çatmaq üçün qarşılıqlı anlaşma və hörmət şəraitində dinc birgə yaşayışın xüsusi rol oynadığını qeyd edib.
Əsrlər boyu müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda tolerantlığın milli mənəvi dəyər olduğunu bildirən səfir bunun tək dövlət siyasəti deyil, həmçinin insanların gündəlik yaşam tərzi olduğunu vurğulayıb. Şərq və Qərb, şimal və cənub arasında siyasi, ticari və mədəni körpü olan Azərbaycanın paytaxtı Bakı şəhərinin son on il ərzində multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyasında tanınmış beynəlxalq mərkəzə çevrildiyini bildirib.
Ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin sülh və dostluq içində yaşadıqlarını, heç bir ayrı-seçkilik olmadan məscid, kilsə və sinaqoqların rahat fəaliyyət göstərdiyini söyləyən səfir hazırda Azərbaycanda 17 xristian icmasının və 14 kilsənin, 8 yəhudi icmasının və 7 sinaqoqun mövcudluğu barədə məlumat verib. Həmçinin yəhudilərin uzun əsrlər ərzində Azərbaycanda rahat yaşadıqlarını qeyd edərək onların tolerantlıq və firavanlıq şəraitində öz dinləri və mənsubiyyətini qoruya bildiklərini və ölkəmizin tarixinə, inkişafına vacib töhfə verdiklərini vurğulayıb.
BMT Nizamnaməsində tolerantlıq və dinc birgə yasamın həkk olunduğunu qeyd edən N.Qurbanova dünyanın hər bir bölgəsində qarışıq cəmiyyətlərin uğurlu inkişafı üçün tolerantlıq və multikulturalizmin təşviqinin xüsusi önəm daşıdığını bildirib. Bu baxımdan səfir gələcək nəsillərin də milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq sülh və firavanlıq şəraitində yaşamalarını təmin etmək üçün zəruri tədbirlərin görülməsinə çağırıb.
Tədbirdə, həmçinin Kırcalı şəhər merinin müavini Veselina Tixomirova çıxış edib. O, martın 31-də keçirilmiş konfrans haqqında danışıb və bu xüsusda tolerantlığın, ayrı-seçkiliyə qarşı mübarizənin əhəmiyyətini qeyd edib.
Sonda İsrail-Bolqarıstan İnstitutunun sədr müavini Yakov Cerasi tərəfindən 1943-cü ildə Bolqarıstan yəhudilərinin xilasına dair ən yaxşı inşaların müəllifi olan gənclərə mükafatlar təqdim olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya