İDMAN
Sofiyada keçirilən dünya çempionatında Azərbaycan gimnastları öz çıxışlarını davam etdirir
Bakı, 13 sentyabr, AZƏRTAC
Sofiyada bədii gimnastika üzrə dünya çempionatının dördüncü günündə Azərbaycan yığması öz çıxışını davam etdirir.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışın ilk günlərində gimnastlar fərdi çıxış edirlər. Çoxnövçülükdə seçmə yarışlar çərçivəsində Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis gürzlə kompozisiyalar nümayiş etdiriblər. Veronika Qudisin çıxışını hakimlər 17.175 balla qiymətləndiriblər, Zöhrə Ağamirova isə 15.500 bal toplayıb. Azərbaycan gimnastları çoxnövçülük üzrə final mərhələsinə çıxmağa can atırlar. Bu mərhələdə 24 ən yaxşı idmançı iştirak edəcək. Hazırda Zöhrə Ağamirova 20-ci, Veronika Qudis isə 23-cü aralıq mövqedədir. Qızların bu yarışlarda göstərdiyi nəticələr komanda birinciliyinin yekunlarına da hesablanır.
Sofiyada keçirilən dünya çempionatının üç günündən sonra Azərbaycanın bədii gimnastika yığması komanda hesabında 11-ci yerdədir. Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokinanın halqa, top və lentlərlə çıxışları nəticəsində Azərbaycan yığmasının aktivində 125.975 bal var.
Turnir cədvəlində Azərbaycan Çin, Özbəkistan, Kanada, Polşa və digər ölkələri geridə qoyur. Cədvəldə birinci yerdə Rusiyadan olan gimnastlar qərarlaşıb. Ondan sonra Bolqarıstan və İsrail gimnastları gəlir.
Ümumilikdə, dünya çempionatında 61 ölkədən 350 idmançı qız çıxış edir.