CƏMİYYƏT
“Şöhrət” ordenli veteran jurnalist Mətbuat Şurasında olub
Bakı, 6 aprel, AZƏRTAC
Əməkdar Jurnalist, “Şöhrət” ordenli qələm sahibi Əli İldırımoğlu Azərbaycan Mətbuat Şurasına (MŞ) özünün seçilmiş əsərlərinin yenicə çapdan çıxmış 12 cildliyini təqdim edib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ömrünü jurnalistika peşəsinə sərf etmiş şəxslərin əməyini daim yüksək qiymətləndirdiyini deyib. O, bu məqsədlə MŞ-nin tərkibində Ahıl Jurnalistlər Məclisinin yaradıldığını diqqətə çatdırıb. Məclis veteran qələm sahiblərinin yaradıcılıq gecələrini, müəllifləri olduqları kitabların təqdimatını, yubileylərini təşkil edir, səhhətində problemləri olanlara evlərində baş çəkir. Belə bir ənənənin mövcudluğu isə son dərəcə əhəmiyyətlidir. Çünki ahıl jurnalistlər gənc jurnalistlər üçün mühüm təcrübə mənbəyidirlər.
Ə.İldırımoğlu jurnalist peşəsinin incəliklərindən söz açıb. Müasir dövrdə inkişaf etmiş jurnalistika ənənələrinin mövcudluğunun müsbət tərəflərinə diqqət yetirib. O, həmçinin son illər öz bədii yaradıcılıq fəaliyyəti barədə də məlumat verib.
Qeyd edək ki, Məmişov Əli İldırım oğlu 1927-ci il noyabrın 17-də Qubadlı rayonunda anadan olub. 1955-ci ilin yanvarından 1991-ci ilin sonunadək “Xalq qəzeti”nin (o zamankı “Kommunist”) xüsusi müxbiri kimi çalışıb. Daha sonra “Həyat” qəzetində eyni vəzifədə işləyib. Yüzlərlə oçerk, felyeton, hekayə və povestdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, iki hissədən ibarət “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Ə.İldırımoğlu 1988-ci ildə Əməkdar Jurnalist adına layiq görülüb. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafatı ilə təltif edilib. Ustad jurnalist, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.