REGİONLAR


Şöhrətini bərpa edən Qarabağ atları VİDEO

Qarabağ Atçılıq Kompleksində yeni nəsil atlar yetişdirilir

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycanın milli sərvəti olan Qarabağ atları öz tarixi şöhrətinin qayıdışı dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılması davam etdirilir. Seleksiya işləri 2018-ci ildən istifadəyə verilmiş Qarabağ Atçılıq Kompleksində aparılır. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələrdən ibarətdir. Burada atların məşq etdirilməsi üçün qapalı manej, açıq manej, qaçış zolağı, məşq qurğusu, gəzinti sahəsi var.

Qarabağ atları tipik dağ minik atıdır. Bu atlar dözümlülüyü və sahibinə sədaqəti ilə seçilir. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb.

Qarabağ Atçılıq Kompleksinin direktoru Elman Qədirov bildirib ki, madyanların sayında artım var. Hər il yeni doğulan madyanların içərisindən cinsin tələbələrinə daya uyğun gələnlər seçilir, onlar gələcəkdə kompleksdə nəsil artırılmasında istifadə olunur: “Hazırda zavodda 84 baş bala verən ana madyanlarımız var. Bir il bundan əvvəl onların sayı 50 baş idi. 2012-ci ildən bu yana cinsin tələblərinə uyğun gələn madyanları seçmişik, yeni madyanları da əlavə etmişik. Niyə madyanların sayını artırırıq? Çünki nə qədər çox bala olarsa, onların arasından Qarabağ atı cinsinin tələblərinə uyğun bala seçmək imkanı daha çox olur”.

Qarabağ atlarının bəslənməsinə, məşq prosesinə xüsusi diqqət ayrılır. Dayçalar 6 aylığında anadan ayrılaraq ayrıca bəslənilir, 18 aylığından isə miniyə öyrədilir. Daha sonra isə atlar məşqlərə cəlb olunur.

Elman Qədirov qeyd edib ki, atlar iki yaşında artıq sınaq yarışlarına getməlidir. İki yaşlı atların öz sınaq məsafələri var, cıdırda onların bu məsafələri hansı zaman kəsiyində qət edə biləcəyi öyrənilir: “Bizim cinsin məsafələr üzrə öz rekordları var. O rekorda yaxın göstərici əldə edən atlar seçilir. Həm də cıdırda biz balantirovka işləri aparırıq. Atların eksteryerinə görə, nəslinə görə, iş qabiliyyətinə görə qiymətləndirilir”.

Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı Qarabağ atlarının əsas üstünlükləridir. Artıq Azərbaycanda ilk dəfə olaraq Qarabağ atlarının süni mayalanması prosesinə start verilib.

Qarabağ Atçılıq Kompleksinin direktoru diqqətə çatdırıb ki, bu ilin may ayından başlayaraq Respublika Süni Mayalanma Mərkəzində ən gözəl Qarabağ atlarından, 6 baş atdan toxum nümunələri alınaraq dondurulub. Bu nümunələr süni mayalanma prosesində istifadə ediləcək. Buna görə tam əminliklə demək olar ki, artıq Qarabağ atlarının nəslinin tükənməsi qorxusu yoxdur. Artıq rusiyalı mütəxəssis tərəfindən baytarlarımıza atların süni mayalanması ilə bağlı təlimlər keçirilib. Hazırda kompleksdə saxlanan atlardan birində süni mayalanma həyata keçirilib. Boğaz madyandan bala gözlənilir.

Qeyd edək ki, Qarabağ Atçılıq Kompleksində damazlıq seleksiya işlərinin elmi əsaslarda aparılması üçün Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə birgə fəaliyyət planı hazırlanır. Seleksiya-damazlıq planı 10 ili əhatə edir. Plan qəbul olunduqdan sonra Qarabağ atlarının yetişdirilməsi bu proqram əsasında həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.