Solar Impulse 2: günəş batareyaları ilə işləyən təyyarələr üçün yeni dünya rekordu VİDEO
AzerTAg.az

Bakı, 11 mart, AZƏRTAC
Günəş batareyaları ilə qidalanan Solar Impulse 2 təyyarəsinin dünya səyahətinə çıxmış pilotları Bertran Pikar və Andre Borşberq Hindistanda dörd gün qaldıqdan sonra Myanmaya yollanacaqlar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, martın 10-da səhər saatlarında Omanın paytaxtı Maskat şəhərindən havaya qalxan təyyarə 13 saat 20 dəqiqədən sonra Hindistanın Qucarat ştatının ən böyük şəhəri olan Əhmədabadda yerə enib. “Günəş təyyarəsi” həmin müddətdə 1468 kilometr məsafə qət edərək bu sinif təyyarələr üçün yeni dünya rekordu müəyyənləşdirib.
Təyyarənin pilotları Hindistanda keçirəcəkləri dörd gün ərzində bərpa olunan enerji mənbələrinin və təmiz texnologiyaların inkişafına dəstək üçün bəzi tədbirlərdə iştirak edəcəklər.
Borşberq və Pikar Hindistandan Myanma və Çinə uçacaq, daha sonra isə Sakit Okeanı qət edərək ABŞ və Avropa ölkələrinin üzərindən keçəcəklər.
Qeyd edək ki, İsveçrədə hazırlanan Solar Impulse 2 təyyarəsinin çəkisi 2,3 tondur. Təyyarədə 17 min ədəd günəş akkumulyatoru batareyaları ilə qidalanan 4 elektrik mühərriki quraşdırılıb. Nəzəri cəhətdən təyyarə davamlı olaraq havada qala bilir. Belə ki, gündüz toplanan enerji gecə boyu uçmağa bəs edir. Solar Impulse 2 təyyarəsinin sürəti saatda 140 kilometrə çatır.
Xəbərin mətnində orfoqrafik səhv var