MƏDƏNİYYƏT
“Solğun çiçəklər” Qazax Dövlət Dram Teatrının səhnəsində
Bakı, 3 iyul, AZƏRTAC
Qazax Dövlət Dram Teatrının repertuar planına daxil edilmiş C.Cabbarlının “Solğun çiçəklər” əsəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu rayona ezam edilmiş Xalq Artisti Zülfüqar Abbasovun quruluşunda səhnəyə qoyulacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tamaşaya ictimai baxış keçirilib. İctimai baxışda bədii şuranın sədri, teatrın direktoru Saqif İskəndərov, baş rejissor Musa Eyyubov və bədii şuranın üzvləri, aktyor Hacı Hacıyev, baş rəssam Səyyat Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, eləcə də Tovuz və Mingəçevir şəhərlərindən ziyalılar və başqaları iştirak ediblər.
İctimai baxışdan sonra tamaşanın müzakirəsi zamanı bədii şuranın üzvləri və qonaqlar tamaşa haqda yüksək fikir söyləyiblər və əsərin səhnəyə qoyulması məqsədəuyğun hesab edilib.
Tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov, bədii səhnə tərtibatçıları Afiq və Səyyat Məmmədovlar, musiqi tərtibatçısı Aybəniz Qurbanova, rejissor köməkçisi Məlahət Vəliyevadır.
Tamaşada rolları gənc aktyorlar Zəmanə Orucova, Yusif Qoca, Nəsimi Aşbazov, həmçinin teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova və İlqar Hacəliyev ifa ediblər.