MƏDƏNİYYƏT


“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatında məqalə dərc olunub

Bakı, 21 fevral, AZƏRTAC

Ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov olan “Şollerin arxivi” bədii filmi ilə bağlı Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib.

Bu barədə AZƏRTAC-a məlumat verən C.Qasımov deyib ki, film bu yaxınlarda Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb.

“Ekran əsəri Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film Niderlandın “European Cinematography Awards” festivalında ötən ay nümayiş olunub, iki kateqoriya üzrə uğur qazanıb. Bu festivalın qalibləri içərisindən ancaq “Şollerin arxivi” barədə xəbər yerləşdirilib”, - deyə C.Qasımov söyləyib.

Vurğulayıb ki, ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Tahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.