MƏDƏNİYYƏT
Solt-Leyk-Siti şəhərində “Şuşa İli”nə həsr olunmuş Azərbaycan guşəsi təqdim edilib
Bakı, 10 avqust, AZƏRTAC
Yuta-Azərbaycan Dostluq Təşkilatı ölkəmizi ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçirilən Yay Rəqs Festivalında təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Komitənin dəstəyi və Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan Azərbaycan guşəsi yaradılıb. Guşədə ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli rəqslərini, adət-ənənələrini və mətbəxini əks etdirən kitablar, fotomateriallar, milli geyimlər, suvenirlər və digər nümunələr nümayiş etdirilib.
Soydaşlarımız “Əziz Şuşa, biz qayıtdıq!” şüarı yazılan plakatlarla Azərbaycanın əzəli torpağı olan Qarabağın işğaldan azad olunmasına, erməni vandalizmi nəticəsində qədim şəhərimizdə dağıdılmış tarixi, dini və mədəni abidələrə diqqəti cəlb ediblər.
Festival iştirakçıları və qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstəriblər. Onlar Əsmər Qarayevanın hazırladığı milli təam nümunələrini yüksək qiymətləndiriblər. Ziyarətçilərə mədəniyyət paytaxtımız Şuşa barədə ətraflı məlumatın əks olunduğu broşürlər təqdim edilib.
Qeyd edək ki, festivalda 20-dən artıq ölkənin mədəniyyət və rəqs nümunələri nümayiş etdirilib.