SİYASƏT


Soltan Məmmədov: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” xüsusi əhəmiyyətə malikdir

Bakı, 5 fevral, AZƏRTAC

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafının Vətən müharibəsindən sonrakı dövrdə yaranmış yeni şərtlərə uyğun başlıca istiqamətlərini özündə ehtiva edir.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Sənəddə müəyyən olunmuş prioritetlərin iqtisadi münasibətlər sisteminin dayaqlarının gücləndirilməsinə stimul verəcəyini bildirən deputatın fikrincə, bu, əhalinin sosial rifahının daha da yaxşılaşmasına imkan yaradacaq: “Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Tamamilə fərqli təhlükəsizlik konfiqurasiyası mövcuddur. Azərbaycanın əldə etdiyi qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar formalaşdırıb. Təbii ki, yaranmış yeni situasiya həm də qarşıya yeni vəzifələr qoyur. Hesab edirəm ki, təsdiq olunmuş sənəd bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq”.

Soltan Məmmədov bildirib ki, müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var. Çünki 30 ildə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək: “Azərbaycan dövlətinin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsinin işğala qədərki səviyyəyə çatdırmaqdan ibarətdir. Buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. Ən əsas amil isə bundan ibarətdir ki, bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir”.

Milli Məclisin deputatı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəaların uğurla icra ediləcəyinə əmin olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.