SİYASƏT


Soltan Məmmədov: Fransa kimi bir ölkənin xarici siyasətinin erməni lobbisinin təsirinə məruz qalması təəssüf doğurur

Bakı, 18 noyabr, AZƏRTAC

“Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması barədə məlumatlar bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə maraqlı olmadığını göstərir.

Bunu AZƏRTAC-a Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Milli Məclisin deputatı qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı layihənin daha öncə Fransa Milli Assambleyasında da müzakirəyə çıxarılmasına təşəbbüs göstərildiyini, lakin məsələnin mahiyyətini bilən, Azərbaycanla dostluq əlaqələrinə malik deputatlar tərəfindən bunun qarşısının alındığını diqqətə çatdırıb: “Bildiyiniz kimi, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun üzvləri hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə ediblər. Bu ilin iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat zamanı da dostluq qrupunun üzvləri ölkəmizin ədalətli mövqeyini müdafiə xarakterli cəsarətli çıxışlar etmişdilər. Onlardan bir neçəsi bu günlərdə ölkəmizdə səfərdə oldu, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlərin nəticələrini öz gözləri ilə gördü”.

Deputat bildirib ki, Fransanın bu cür addımları vəziyyəti yenidən gərginləşdirə, regionda sabitliyi və sülhü pozmağa səbəb ola bilər. O qeyd edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı da Fransa bir neçə dəfə əsassız ittihamlarla çıxış edərək öz neytrallığını qorumadığını göstərmişdi. “Hərbi əməliyyatlar bitdikdən sonra da biz Fransanın müxtəlif vasitələrlə “status” mövzusunu gündəmə gətirmək təşəbbüslərini müşahidə edirik. 30 ilə yaxın bir müddətdə münaqişəni nizamlaya bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən canlandırmaq cəhdlərini görürük. Əsas məqsəd Ermənistanın ağır məğlubiyyətinin siyasi müstəvidə təsbitinə mane olmaqdır. Çox təəssüf ki, Fransa hələ də reallığı düzgün qiymətləndirə bilmir”.

Soltan Məmmədov bildirib ki, Fransanın yürütdüyü siyasət ikitərəfli münasibətlərə ciddi təsir göstərə bilər. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, özünə qarşı da eyni münasibət gözləyir: “Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi ötən müddətdə münaqişənin həllinə heç bir töhfə verməyib. İndi Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin edib. BMT Nizamnaməsinə uyğun olaraq öz ərazisini və əhalisini qorumaq hüququndan istifadə edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi məhz Azərbaycan Ordusunun gücü hesabına icra olunub. Paris meriyasının qondarma rejimi müstəqil qurum kimi tanıması nəticəni dəyişə bilməz. Bu, Fransanın özünün imicinə və beynəlxalq nüfuzuna da ciddi zərbə olardı”.

Deputat qeyd edib ki, Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımaq təşəbbüsünün arxasında ermənipərəst qüvvələr dayanır. Fransa kimi aparıcı bir ölkənin xarici siyasətinin erməni lobbisinin təsirinə məruz qalması isə yalnız təəssüf doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.