CƏMİYYƏT


Soltan Məmmədov: Normal həyata qayıdış peyvəndin tətbiqindən keçir

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan peyvənd strategiyasını birincilər sırasında hazırlayan ölkələrdən biridir və elə bunun nəticəsi olaraq istehsalçı şirkətlər, inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr sayəsində peyvəndi əldə edən ilk ölkələr sırasında oldu. Həmin peyvəndlərin tətbiqinə inkişaf etmiş istehsalçı şirkətlərin öz ölkələrində dekabrın axırları - yanvarın əvvəllərində başlanılmışdısa, Azərbaycan da onlardan geri qalmayaraq, ötən aydan bu prosesə başlayıb və artıq peyvənd proqramının ikinci mərhələsi həyata keçirilir. Peyvənd seçimində ən əsas məsələ onun effektivliyi və təhlükəsizliyidir. Həm də peyvənd proqramı yalnız onun vurulmasından ibarət deyil. Peyvəndin gətirilməsi, onun düzgün idarə olunması, çatdırılması, saxlanılması və tətbiqi çox əhəmiyyətli məsələlərdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədova məxsusdur.

O, daha sonra deyib: “Onu da qeyd etməyə dəyər ki, Azərbaycan hələ ötən əsrin 90-cı illərindən peyvənd təqviminə uyğun olaraq həyata keçirdiyi immunlaşdırma və profilaktika proqramına görə Şərqi Avropa və Mərkəzi Asiya regionunda ön sıralarda mövqe tutur. Peyvənd proqramının idarə olunmasına görə Ümumdünya Səhiyyə Təşkilatı həmişə Azərbaycanı nümunə olan ölkələrdən biri kimi göstərib. Yeni növ koronavirusa (COVID-19) qarşı ölkəmizdə tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini həm səmərəsinə, həm də təhlükəsizliyinə görə digər peyvəndlərdən daha üstündür. Təsadüfi deyildir ki, həmin peyvənd ilkin olaraq təsdiqlənərək qeydə alınıb. Milli peyvənd təqvimində yer alan və uşaqlarda infeksion xəstəliklərin qarşısını almaq üçün tətbiq olunan 11 peyvəndin hamısı inaktivdir, yəni orqanizm onların vurulmasını normal qəbul edir. İnaktiv o deməkdir ki, başqa bir zəiflədilmiş virus koronavirusun əvəzedicisi kimi orqanizmə yeridilir və onun inyeksiyası başqa heç bir genetik dəyişikliyə səbəb olmur. Yəni, orqanizmə daxil edilən zəiflədilmiş virus nəticəsində infeksiyaya yoluxma baş verəndə ona qarşı anticisimlər əmələ gəlir. Tibb aləmində çox məşhur olan “Lanset” jurnalında dərc olunan məqalədə də bir daha təsdiq edilir ki, bir neçə dəfə kliniki sınaqlardan uğurla keçən həmin peyvəndin effektivliyi 90 faizin üzərindədir. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, 50 faizdən yuxarı effektivliyi olan peyvəndin tətbiq olunması məqbuldur. Heç də bütün ölkələr həmin peyvəndi almaq imkanına malik deyil. Çin istehsalı olan “CoronoVAC” vaksini Braziliya, İndoneziya və Türkiyədə sınaqlardan keçirilib və həmin ölkələr də bu peyvənddən istifadə edirlər. Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz də peyvəndi əldə edən ilk ölkələr sırasındadır. Halbuki elə ölkələr var ki, nəinki indi, bu ilin axırlarında peyvənd əldə edib-edə bilməyəcəyi sual altındadır”.

“Peyvənd edilənlərin çox kiçik bir faizində anticisimlərin əmələ gəlməməsi mümkündür. Lakin peyvənd olunan hər kəs bilməlidir ki, onun orqanizmində mütləq şəkildə anticisimlər əmələ gəlir və ən pis halda infeksiyaya yoluxma baş verdiyi halda xəstəliyi çox yüngül formada keçirəcək. Bu, digər vaksinlərin tətbiqindən qazanılan təcrübədir. Əslində, heç bir peyvənddə 100 faiz effektivlik yoxdur. Müəyyən qisim əhalidə anticisimlərin əmələ gəlməməsi mümkündür, lakin bu heç də o demək deyil ki, peyvənd edilmək onları sığortalamır və ya onlarda xəstəliyə qarşı heç bir immunitet yoxdur. Peyvənd edilmək yoluxduğu təqdirdə hər kəsin xəstəliyi yüngül keçirməsi deməkdir. Məsələn, qızılca yayıldığı vaxtlarda peyvənd olunan uşaqlar qızılcaya yoluxmurdular, yoluxanda da başqa uşaqlar kimi 20 gün, bir ay xəstəlikdən əziyyət çəkmirdilər. Halbuki peyvənd edilmədiyi vaxtlarda qızılcadan həyatını itirən kifayət qədər çoxlu uşaq var idi. Çox yaxşı haldır ki, həyata keçirilən peyvənd proqramı sayəsində indi ölkəmizdə qızılca, məxmərək, suçiçəyi, poliomielit və digər infeksion xəstəliklərə rast gəlinmir. Tibb elmində XX əsrin ən böyük uğuru məhz peyvəndin kəşf olunması və tətbiqidir”,- deyə müsahibimiz bildirib.

Peyvəndləmədən sonrakı qaydalar barədə məlumat verən deputat deyib: “Pandemiya dövründəki gigiyenik qaydalar eyni şəkildə davam etdirilməlidir, hətta peyvəndin ilk dozası vurulduqdan sonra daha çox məsuliyyətli olmaq tələb olunur. Çünki birinci doza vurulandan sonra virus infeksiyasına qarşı həssaslıq davam edir, 28 gün sonra ikinci doza vurulandan sonra da yenə də həmin “üç qızıl qayda” gözlənilməlidr. Gigiyenik qaydalara əməl olunması təkcə COVID-ə qarşı deyil, digər viruslara qarşı da zəruri qorunma və özünümüdafiə tədbiridir. Lakin maska taxılması və sosial məsafənin gözlənilməsinə immunitetin olduğu halda da mütləq əməl edilməlidr. Peyvənd olunanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə həmin qaydaları gözləməyi pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.