CƏMİYYƏT


Soltan Məmmədov: Ölkəmizdə təcili-təxirəsalınmaz tibbi xidmətlərin əlçatanlığı təmin olunur

Bu məqsədlə xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətlərini davam etdirir

Bakı, 2 iyun, AZƏRTAC

COVID-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər, əldə olunmuş nəticələr bizi sevindirir. Bununla yanaşı, bəzi sərt karantin rejimi qaydalarının yumşaldılması ilə qarşımızda çox ciddi vəzifələr meydana çıxıb ki, bu istiqamətdə uyğun tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı söyləyib.

Soltan Məmmədov qeyd edib ki, pandemiya dövründə sərt karantin rejimində bir sıra elektiv əməliyyatların təxirə salınması və xüsusi ehtiyac olmadıqda müxtəlif müayinə və əməliyyatların gecikdirilməsi ilə bağlı əhaliyə müraciət olunmasına baxmayaraq, təcili-təxirəsalınmaz tibbi xidmətlərin təmin olunması üçün xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətlərini davam etdirir. Bir sıra xroniki xəstəliklərin davamlı müalicəsi, lazımi müayinələrin aparılması, ölkədə immunoprofilaktik tədbirlərin həyata keçirilməsində heç bir məhdudiyyət yoxdur. Bakıda və paytaxtdan kənarda yaradılmış regional tibbi ərazi bölmələri tərəfindən multidisiplinar səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi heyətin hazırlığı, tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi ilə bağlı işlər davam edir ki, bu da təcili-təxirəsalınmaz tibbi xidmətlərin əlçatanlığının təmin olunmasına xidmət edir.

“Bunları bildirməkdə məqsədim bütün səhiyyə sisteminin yalnız koronavirusla mübarizə tədbirlərini hədəf seçməsi ilə bağlı çaşqınlığı aradan qaldırmaqdır. Bununla yanaşı, Milli Hematologiya və Transfuziologiya Mərkəzində ağır koronovirus xəstələrinin müalicəsi üçün xəstəlikdən sağalmış şəxslərin immuno-plazmasının təmin olunması uğurla həyata keçirilir ki, bu da hazırda müalicədə öz müsbət nəticələrini verməkdədir. Fürsətdən istifadə edərək, xəstəlikdən sağalmış hər kəsi bu gün ağır vəziyyətdə olan xəstələrin müalicəsinə öz dəstəklərini əsirgəməməyə çağırıram.

Koronavirusla mübarizədə əhalinin maarifləndirilməsi sahəsində görülən işlərlə bağlı bildirmək istərdim ki, çoxlu sayda maarifləndirici sosial videoçarxların hazırlanması ilə bərabər, tibb müəssisələrindən xəstələrin müalicəsinə həsr olunmuş verilişlər hazırlanıb televiziya kanallarında yayımlanır. Tibbi etika qaydalarından irəli gələn bir sıra çətinliklərə baxmayaraq, bu iş prioritet məsələlərdən biri kimi həyata keçirilir”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.