CƏMİYYƏT


Soltan Məmmədov: REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir

Bakı, 22 may, AZƏRTAC 

Bir ay əvvəl Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, Ümumdünya Səhiyyə Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən koronavirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanılıb. REACT-C19 layihəsi ölkəmizdə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir. Bu layihə səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərinin davamlı olaraq bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması baxımından çox önəmlidir. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və biz onun müsbət nəticələrinin şahidi olacağıq.

AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov mayın 22-də REACT-C19 layihəsinin ikinci mərhələsinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Fondun nümayəndəsi bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışından sonra ölkəmizdə bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar, ictimaiyyət və beynəlxalq təşkilatların imkanları səfərbər olaraq genişmiqyaslı tədbirlərin icrasına başlanılıb. O, REACT-C19 layihəsinin tətbiqini Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsi adlandırıb.

S.Məmmədov, həmçinin deyib: “İctimaiyyət və mətbuat ölkədə hər bir sahədə görülən işlər barədə davamlı olaraq məlumatlandırılır. İqtisadiyyat, sosial, siyasət, səhiyyə sahəsində görülən işlər göz qabağındadır. Sahibkarlara dəstək istiqamətində həyata keçirilən vergi siyasəti, maddi dəstək, aztəminatlı ailələrin maddi rifahının qorunması, pandemiyanın özünüməşğulluq siyasətinə göstərə biləcək mənfi təsirlərin qarşısının alınması üçün qanunvericilik bazasındakı müvafiq dəyişikliklər ölkədə həyata keçirilən uğurlu sosial və iqtisadi siyasətin göstəricisidir. Koronavirus pandemiya elan olunmamışdan öncə səhiyyə sahəsində görülən qabaqlayıcı tədbirlər və bu gün də işlərin davam etdirilməsi ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən müşahidə olunan uğura yol açıb”.

Heydər Əliyev Fondunun departament direktoru çıxışının sonunda Fondun adından Ümumdünya Səhiyyə Təşkilatına və onun Azərbaycan nümayəndəliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə minnətdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.