CƏMİYYƏT


Soltan Məmmədov: Sovet dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindəndir

Bakı, 1 avqust, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi haqqında 2001-ci il 9 avqust tarixli Fərmanı xalqımızın həyatında və milli dövlətçilik tariximizdə müstəsna yeri olan nadir sənəddir. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edilib. Sovet İttifaqında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi böyük cəsarət nümunəsi idi və bu, Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biridir. Ulu Öndərin bu tarixi qərarı Azərbaycan xalqının milli özünüdərkinin, öz dəyərlərinə sarsılmaz bağlılığının nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider milli-mənəvi dəyərlərimizin, o cümlədən Ana dilimizin qorunmasına xüsusi diqqət yetirirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun Ana dilinin tətbiqi, qorunması sahəsində problemlərin həlli üçün dəqiq hüquqi mexanizmlərin yaradılması baxımından müstəsna əhəmiyyətə malik idi. Bu addımların hər birinin hədəfində dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsinin təmin olunması dayanırdı.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirərək, Ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etməyə imkan verən mühüm qərarlara imza atdı. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam, 2012-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci il noyabrın 1-də imzalanmış Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və digər sənədlər dövlət dilinin qorunması və tətbiqi məsələlərinin xüsusi diqqət mərkəzində saxlanıldığını təsdiqləyir.

“Ötən müddətdə imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş Dövlət Proqramı və qanunlar Ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıb. Ardıcıl surətdə reallaşdırılan genişmiqyaslı islahatlar, atılan addımlar həm də milli-mənəvi dəyərlərimizə verilən xüsusi önəmin ifadəsidir. Ana dilinin qorunması, inkişafı, təbliğinə töhfə vermək hər bir azərbaycanlının üzərinə düşən ən ali vəzifələrdəndir, - deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.