REGİONLAR
Son 10 ildə Arazda balıqların ciddi azalması müşahidə edilir REPORTAJ VİDEO
İmişli, 10 mart, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycanın ən böyük çaylarından olan Araz həm də zəngin balıq ehtiyatına görə tanınıb. Lakin son illər bu çayda balıqların azalması müşahidə edilir.
AZƏRTAC-ın bölgə müxbiri peşəkar balıqçılarla həmsöhbət olub, balıqların azalma səbəbləri ilə maraqlanıb.
Zaur İsmayılov və Nail Məmmədov uzun illərdir həvəskar balıqçılıqla məşğuldurlar. Həm də bu sahədə kifayət qədər təcrübəyə malikdirlər. Asudə vaxtlarını balıq tutmaqla keçirən balıqçılar ovçuluq ənənələrinə və qanunlara riayət edirlər. Deyirlər ki, vaxtilə Araz çayında bol balıq olardı. Amma son illər belə deyil.
Balıqçı Zaur İsmayılov: “İndi o qədər balıq yoxdur. Son 10 ildə çayda balıqların sayında ciddi azalma müşahidə edilir. Əvvəllər çayda nərə, qızıl balıq, kütüm, ziyad, xəşəm kimi balıqlar çox olardı. Amma indi həmin balıqlardan bir neçəsi qalıb. Onlar da sazan, bobla və karasdır. Əvvəlki illərdə 1 saata iki-üç iri balıq tutmaq mümkün olurdusa, indi 1 və ya 2 gün ərzində ancaq dörd-beş iri balıq tuta bilərsən”.
Araz çayı elə də lilli olmadığından balıqların əksəriyyəti kürütökmə dövründə Xəzər dənizindən Kür çayına, oradan da Araz çayına keçir. Əsas təhlükə də buradan başlayır. Qanunla bu ərəfədə balıq ovu qadağan edilsə də, brakonyerlər gecə-gündüz kütləvi balıq ovlayırlar. Hətta çəkiliş zamanı bir brakonyerin bu cür əşyalarının çay kənarında qaldığının şahidi də olduq.
Balıqçı Nail Məmmədov deyir ki, əvvəllər Arazdan növ-növ balıq tutardı. “Hətta Araz çayından qızıl balıq da tutmuşam. Amma indi... İstəyirsən bir mövqe seçib tilov atasan, görürsən ki, tilov sintetik torlara ilişib. Bu torların çoxdan qalanı da var, təzə atılanı da. Belə torlar balıqların sürətlə azalmasının əsas səbəblərindəndir. Brakonyerlər bu torlardan balıqların kütləvi ovlanması zamanı istifadə edirlər. Başqa qadağan olunmuş üsullar da var. Bəzən isə yararsız olan sintetik torları çaya atırlar. Nəticədə tora ilişən balıqlar elə suda məhv olur”, - deyə o qeyd edir.
Söhbəti davam etdirən Zaur İsmayılov isə bildirir ki, tez-tez çay kənarında plastik butulkalara da rast gəlirlər: “Belə butulkaları görəndə bilirik ki, brakonyerlər həmin əraziyə tor atıblar. Bundan başqa, elektrik cərəyanı ilə balıq tutanlar da olur. Belə etmək olmaz. Axı onlar da canlıdır. Bu qanunsuz üsullar balıqların, ümumiyyətlə canlıların hamısını məhv edir. Buna görə, brakonyerlərə qarşı mübarizə tədbirləri bir qədər də sərtləşdirilsə yaxşı olar. Belə davam edərsə, bəzi balıqların nəsli tükənə də bilər”.
Peşəkar ovçular hər kəsi balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadəyə etməyə səsləyiblər. Onlar ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda, qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və digər alətlərdən istifadənin yolverilməz olduğunu bildiriblər.