REGİONLAR
Son 10 ildə Samux rayonunun büdcəsi 3,1 dəfə artıb
Samux, 17 fevral, Rauf Hacıyev, AZƏRTAC
Samuxda keçirilən hesabat yığıncağında 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, idarə, təşkilat və müəssisə rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Rayon rəhbərliyi və qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə ötən il Samuxda qazanılan nailiyyətləri əks etdirən foto və məlumatlara, eləcə də rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarına baxıblar.
Əvvəlcə ötən il rayonun həyatında baş verən mühüm hadisələri, keçirilən mədəni-kütləvi tədbirləri əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev 2016-cı ildə icrası uğurla yekunlaşan layihələrdən və cari ildə görüləcək işlərdən danışıb.
Sonra Samux rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev ötən il rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, 2016-cı ildə rayon iqtisadiyyatının bütün sahələrində əsasən müsbət nəticələr əldə olunub. İlin əvvəlindən rayonda 111 milyon 83,3 min manatlıq və ya əvvəlki illə müqayisədə 13,2 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib.
Rayonda həyata keçirilən sosial və infrastruktur, iqtisadi inkişaf layihələri haqqında məlumat verilib. Bildirilib ki, il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 47 layihə üzrə 590 min manat güzəştli kredit verilib və bunun hesabına 66 yeni iş yeri yaradılıb.
Hesabat ilində rayonda 2 min 134 yeni iş yeri yaradılıb ki, onlardan da 1590-ı daimidir.
Son 10 ildə rayonun büdcəsi 3,1 dəfə artaraq 2016-cı ildə 12 milyon 960 min manat təşkil edib.
Yığıncaqda iştirak edən Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev dövlətimizin başçısı tərəfindən ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan danışıb. Ötən il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, eləcə də hərbi sahələrdə qazandığı uğurları qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov bölgələrdə sakinlərin şikayətlərinə həssaslıqla yanaşılmasının və yaranmış problemlərin operativ həlli üçün vətəndaş-məmur münasibətlərinin önəmindən danışıb.
Sonda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə sahələrində görülən işlər ətraflı təhlil olunub, mövcud problemlərin aradan qaldırılması üçün təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul edilib.