SİYASƏT
Son 15 ildə Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub saxlanmasını və inkişafını təmin edib
Bakı, 12 oktyabr, AZƏRTAC
Son 15 ildə Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin edib.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində əksini tapıb.
Məqalədə bildirilir ki, 2003-2018-ci illər ərzində ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. Xüsusi dini-mənəvi və tarixi-mədəni əhəmiyyət kəsb edən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılıb. Şamaxı Cümə məscidi və Gəncədə “İmamzadə” dini-mədəniyyət abidəsi əsaslı bərpa edilib, Bakıda Qafqazın ən böyük məscidi olan Heydər Məscidi (2014), Hacı Cavad Məscidi (2018) və dağ yəhudiləri üçün sinaqoq (2011) tikilərək dindarların istifadəsinə verilib. Hazırda ölkə ərazisində 2250 məscid, 14 kilsə, 7 sinaqoq sərbəst fəaliyyət göstərir.
Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin sərəncamları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb (2014), 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib, bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısına İslam ölkələri mədəniyyət nazirləri də dəvət edilib. Həmin forumda Azərbaycan Prezidenti sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı naminə “Bakı Prosesi” təşəbbüsü ilə çıxış edib. Sonrakı illərdə bu çərçivədə çoxsaylı beynəlxalq tədbir və layihələr həyata keçirilib.