REGİONLAR
Son 15 ildə üzüm istehsalı üç dəfə artıb
Bakı, 30 yanvar, AZƏRTAC
2004-cü ildə 55 min ton üzüm yığılıb, keçən il 167 min ton, yəni, 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda söyləyib.
Dövlətimizin başçısı deyib: “Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.