İDMAN


Son 1 ay: 2022 Formula 1 Azərbaycan Qran-Prisinə gerisayım başlayıb

Bakı Şəhər Halqası 2019-cu ildən bəri ilk dəfə azarkeşləri qarşılamağa hazırdır

Bakı, 12 may, AZƏRTAC

Avtoidmanın zirvəsi sayılan 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin Bakı küçələrinə qayıtmasına düz bir ay qalıb. 10-12 iyun tarixlərində həftəsonu keçiriləcək, F1-in ən həyəcanlı və gözlənilməz yarışına azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildən bəri tribunalara yenidən qayıdan azarkeşlər builki yarışa xüsusi rəng qatacaq. Həyəcanlı mübarizə ilə yanaşı, azarkeşlər həftəsonu Bakının Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını da kəşf edəcəklər. Azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.

2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yaddaqalan və dramatik yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 kilometr-saat sürətlə rekord həddə çatdığı, 2 kilometr uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddətdə bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqlədi.

Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməyib, son beş yarışda beş fərqli qalib müəyyən olunub.

Bu il də ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə üç dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Luis Hemiltonun restartda ona baha başa gələn səhvi Red Bull komandasının pilotu Serxio Peresin qələbəsinə təkan verdi.

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya “tam” qayıtması barədə qeyd edir: “Bütün biletlərin alınacağına ümid edir, izdihamı qarşılamağı səbirsizlə gözləyirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir”.

Formula 1 yarışına əlavə olaraq, azarkeşlər Luis Hemilton, Şarl Lekler, Corc Rassel və Lando Norris kimi Formula 1 ulduzlarının bir çoxunu yetişdirən, olduqca populyar Formula 2 seriyasının geri dönüşündən də həzz ala bilərlər.

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri “tilsimi qıra” və Bakı yarışlarında qalib gələn pilot təkrar qalib ola biləcəkmi? Bu suala məhz iyunun 12-də cavab tapacağıq.

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinə bilet və Bakıya səyahət barədə ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.