CƏMİYYƏT


Son 20 gündə ölkəyə külli miqdarda narkotik vasitə gətirən 37 şəxs tutulub VİDEO

Son 20 gündə ölkəyə külli miqdarda narkotik vasitə gətirən 37 şəxs tutulub VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizəni qətiyyətlə davam etdirir. Yeni metod və üsullarla ölkəyə külli miqdarda narkotik vasitələr gətirən, bu qanunsuz əmələ cəhd göstərən şəxslərə qarşı informasiya texnologiyalarının da köməyindən istifadə olunmaqla xüsusi əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin son 20 gündə paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı onlayn və ənənəvi üsullarla narkotiklərin satışını təşkil edən dörd mütəşəkkil dəstənin üzvü, o cümlədən 37 nəfər saxlanılıb. Həmin şəxslərdən 75 kiloqram narkotik vasitə və psixotrop maddə, 809 ədəd psixotrop tərkibli həb, kultivasiya edilən 163 ədəd çətənə kolu, 4 ədəd odlu və soyuq silah aşkarlanıb.

Əməliyyatlar zamanı əvvəlcə Samir Rzayev Yasamal, Samir Hüseynov onun tanışları Fərid Məmmədov və Zulal Cəlilov isə Qaradağ rayonu ərazisində saxlanıblar. Bu şəxslərdən ümumilikdə 40 kiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 809 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yevlax, eləcə də Cəlilabad rayonlarında həyata keçirdikləri digər əməliyyatlar zamanı İsmayıl Qasımovla Rafiq Hüseynov tutulublar. Onlardan 20 kiloqram heroin və marixuana aşkar olunub.

Qeyd edək ki, R.Hüseynov narkotik vasitələri Cəlilabad rayonuna izi itirmək məqsədi ilə keçilməsi çətin relyef şəraitindən istifadə etməklə atla gətirib.

Aparılan zəruri istintaq və əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olduqları sübuta yetirilib. Onların şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışını təşkil edən, təbliği ilə məşğul olan və əsasən gəncləri narkokuryerliyə cəlb edən daha 31 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 15 kiloqram müxtəlif növ narkotik vasitə və digər maddi sübutlar aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

DİN vətəndaşları bir daha narkotiklərdən uzaq durmağa və bu mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.