DÜNYA
Son 24 saat ərzində İranda 391 nəfər koronavirusdan ölüb
Tehran, 3 may, AZƏRTAC
Prezident Həsən Ruhani bu gün Koronavirus epidemiyası ilə milli mübarizə mərkəzində keçirilən iclasda iştirak edib.
AZƏRTAC xəbər verir ki, İran Prezidenti heç nəyə baxmayaraq peyvənd idxalının artacağını bildirib. Nəzərə çatdırıb ki, əhalini peyvəndlə təmin etmək üçün bır sıra xarici şirkətlərlə danışıqlar davam edir. Onun sözlərinə görə İranın hazırladığı COVİRAN Bereket peyvəndi hələlik sınaq mərhələsindədir.
Prezident ölkənin elmi və tibbi mərkəzlərini yerli peyvəndin hazırlanması və istehsalına dəstək verməyə çağırıb.
Ölkədə isə koronavirus epidemiyasının 4-cü dalğası tüğyan edir. İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət larinin açıqlamasına əsasən son sutka ərzində 20 min 732 nəfər virusa yoluxub, 391 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların sayı 2 milyon 555 min 587 nəfərə, ölənlərin sayı isə 72 min 875-ə çatıb. Müalicə alan 2 milyon 4 min 949 nəfər isə sağalıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran