REGİONLAR
Son 5 ildə Ağdamda 124 yeni subartezian quyusu qazılıb
Ağdam, 6 iyun, AZƏRTAC
Ağdam rayonunda son 5 ildə 124 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən, rayonun 11 yaşayış məntəqəsində 17 subartezian quyusunun qazılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə məlumat verilib.
Ağdam rayon mexaniki suvarma idarəsinin kollektivi Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə və başqaları çıxış edərək, meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib, bu sahənin inkişafından, respublikamızda ərzaq bolluğunun yaranmasındakı rolundan, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Məlumat verilib ki, Ağdam mexaniki suvarma idarəsi rayonda 35 min 400 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Rayon ərazisində əkin sahələrinin suvarılması 844 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalları vasitəsilə həyata keçirilir.
Yığıncaqda çıxış edənlər mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadəni Prezident İlham Əliyevin “Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında” 2018-ci il 4 iyun tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edib, rayonun meliorasiya və su təsərrüfatı işçilərinə uğurlar arzulayıblar.
Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilib.