İQTİSADİYYAT
Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 milyard dollar investisiya yatırıb YENİLƏNİB
Bakı, 5 iyun, AZƏRTAC
Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 milyard dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 milyard dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyunun 5-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.
Nazir müavini qeyd edib ki, son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir.
"Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAIEX, SIGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 milyon avroya yaxın dəstək göstərilib", - deyə R.Məmmədov qeyd edib.