DÜNYA


Son 5 ildə dünyada 530 jurnalist qətlə yetirilib

Praqa, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur.

AZƏRTAC YUNESKO-nun məlumatlarına istinadla bildirir ki, təkcə son 5 ildə (2012-2016-cı illərdə) dünyada 530, son 11 ildə isə 930 jurnalist həlak olub.

BMT-nin məlumatlarına görə, 2017-ci ilin ilk on ayı ərzində 47 KİV əməkdaşı öldürülüb. Bu halda orta hesabla hər 10 hadisədən 9-da belə cinayətləri törədənlər cəzasız qalır.

BMT-nin məlumatına görə, 2012-ci ildən bəri ərəb ölkələri regionu jurnalistlər üçün ən təhlükəli regiondur. Bu isə, ilk növbədə, Suriya, İraq və Yəməndə silahlı münaqişələrlə əlaqədardır.

BMT Baş Assambleyasının 2013-cü ildə qəbul edilmiş qətnaməsinə əsasən noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” elan edilib. Bu tarix 2013-cü il noyabrın 2-də Fransa radiosunun Malidə qətlə yetirilmiş iki jurnalistinin xatirəsinə ehtiram əlaməti kimi seçilib.

Xatırladaq ki, bir il bundan əvvəl Dünya Xəbər Agentliklərinin Bakıda keçirilmiş V Konqresinin panel iclaslarından biri məhz jurnalistlərin təhlükəsizliyi mövzusuna həsr edilmişdi. Həmin iclasda AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun planetimizin qaynaq nöqtələrində reportyorların üzləşdiyi risklər və təhlükələr məsələsinə dair məruzəsi forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı və geniş müzakirə olundu.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.