CƏMİYYƏT


Son 9 ayda 1132 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il aprelin 7-də verdiyi Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri üzrə 230 ailəyə fərdi təsərrüfat qurmaq üçün aktivlər (mal və materiallar) verilib. Onlar əsasən xidmət və istehsalyönümlü fərdi təsərrüfatlar formalaşdırıblar.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bu ilin fevralından başlayaraq artıq 1132 ailənin özünə fərdi təsərrüfat quraraq özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda digər proqram iştirakçılarının da aktivlərlə təmin olunması sahəsində işlər davam etdirilir.

Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk növbədə iki aylıq təlim kursları təşkil olunub. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilərın apardıqları kurslarda onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilib. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları qiymətləndirmə zamanı etimad qazananlara ailə təsərrüfatı qurmaları üçün cari ilin fevralından aktivlərin verilməsinə başlanılıb.

Təqdim olunmuş aktivlər hesabına yaradılan fərdi təsərrüfatlar əmək qabiliyyətli ailə üzvlərinin də özünüməşğulluğuna və öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına şərait yaradıb. Həmin vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatların idarə olunması, gələcəkdə daha da inkişaf etdirilərək genişləndirilməsi üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işsiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının dəfələrlə artırılmasına imkan yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.