CƏMİYYƏT
Son altı ayda e-sosial.az portalından 5,7 milyon dəfə istifadə olunub
Bakı, 24 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu ilin 6 ayında da artmaqda davam edərək iyulun 1-nə 929 minə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvar-iyun aylarında portaldan 5,7 milyon dəfə istifadə olunub.
Ölkənin sosial reyestri olan portal 2018-ci ilin son aylarında istifadəyə verilib. Vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) bazasına çıxış imkanı verən e-sosial.az portalı hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.
Vətəndaşların e-sosial.az portalından rahat istifadəsi və daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.