REGİONLAR


Son beş ildə Sumqayıtda 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb

Sumqayıt, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Fevralın 13-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi yüksəliş və nailiyyətlər, elmi-texniki tərəqqinin tətbiqi məkanı - Sumqayıt” mövzusunda konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, şəhər və aidiyyəti qurumların rəhbərləri, Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri, işaxtaran gənclər və Sumqayıt Dövlət Universitetində texniki sahədə təhsil alan tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev çıxış edərək, Prezident İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı nəticəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş 16 bənddən ibarət tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.

Vurğulanıb ki, Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumi məhsul istehsalı 2,6, sənaye məhsulu istehsalı 2,9, investisiya qoyuluşu 3,5 dəfə artıb, 32819 yeni iş yeri yaradılıb. Eyni zamanda, 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb.

Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ötən dövrdə dövlət proqramlarının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artıb. Bu illər ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub və nəticədə Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail olub. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə yeni iş yerlərinin açılmasına şərait yaradır.

Tahir Mirkişili son illərdə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının gənclər üçün də böyük imkanlar yaratmasından danışaraq, gənclərə əmək bazarına, iqtisadiyyatın tələb etdiyi bilik və bacarıqlara uyğun ixtisaslara yiyələnməyi tövsiyə edib.

Deputat Mirzəcan Xəlilov respublikamızda qeyri-neft sektorunun sürətli inkişafının, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsinin əhalinin işlə təmin edilməsinə müsbət təsir göstərdiyini bildirib. Sumqayıtdan seçilən deputat bildirib ki, şəhərdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm layihələr həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov son 3 ildə şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən danışıb.

Vurğulanıb ki, bu uğurlu göstəricilərə, sosial-iqtisadi inkişafa Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizliyin, ictimai-siyasi sabitliyin təmin edilməsi sayəsində nail olunub.

Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov konfrans iştirakçılarına məlumat verib ki, ötən illərdə olduğu kimi, 2018-ci ildə də şəhər icra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalıb, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 2520 nəfər işlə təmin olunub. 1590 nəfər isə mövsümi işlərə cəlb edilib.

Müzakirələrlə davam edən konfransda Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri mövcud iş imkanları ilə bağlı təqdimatlarla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.