CƏMİYYƏT
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yarım milyondan çox müraciət qeydə alınıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sistem xarakterli islahatlar nazirliyin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, əhalinin bu sahələr üzrə xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda 30-a yaxın elektron xidmət fəaliyyət göstərir. Təkcə ötən ay həmin elektron xidmətlərə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520,2 min müraciət qeydə alınıb. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti yenə də nazirliyin ən çox istifadə olunan xidmət sahəsi olub. Sentyabrda həmin elektron xidmətə 212,1 min dəfədən çox müraciət edilib. Eləcə də əhali “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmətinə 32,9 min dəfə, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətinə isə 29,3 min dəfədən çox müraciət edib.
Ötən ay “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər xidmətlər də daha çox müraciətin qeydə alındığı elektron xidmətlər sırasında olublar. Həmçinin “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatın verilməsi” və digər elektron xidmətlərə sentyabrda da böyük ictimai maraq müşahidə edilib.
Ümumilikdə bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 7 milyon 6 min 738 müraciət qeydə alınıb.