İQTİSADİYYAT
Son bir ildə sahibkarlara 3082 lisenziya verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Ötən bir il ərzində İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara 1584 yeni lisenziya verilib, 1498 lisenziya müddətsiz lisenziya ilə əvəz edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir. Ümumilikdə, bu dövrdə sahibkarlıq subyektlərinə 3082 lisenziya verilib. Bu lisenziyaların 2719-u Bakı şəhərinin, 363-ü isə regionların payına düşür.
Lisenziyalar təhsil, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, baytarlıq preparatlarının satışı, bitkiləri mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması, təmiri və s. fəaliyyət sahələrinə verilib.
Sahibkarlar lisenziya alınması prosesinin sadələşdirilməsindən və şəffaf həyata keçirilməsindən razılıqlarını və sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.