İQTİSADİYYAT
Son dörd gündə neftin qiyməti 6 faizdən çox artıb
Bakı, 30 iyun, Nihad Budaqov, AZƏRTAC
Son 4 gündə “Brent” markalı xam neftin bir barrelinin qiyməti 6,5 faiz, “Light” neftinin bir barrelinin qiyməti isə 9,3 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Light”ın bir barrelinin qiyməti 77,44 dollara yüksələrək 2014-cü il noyabrın 26-dan indiyədək maksimuma çatıb. “Brent” neftinin bir barrelinin qiyməti isə 79,56 dollaradək artaraq mayın 24-dən bu vaxtadək ən yüksək səviyyəyə çatıb.
Analitiklərin fikrincə “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən əsas amil ABŞ-ın müttəfiqlərindən noyabrın 4-dək İrandan xam neft idxalını dayandırmasını istəməsidir. Həmçinin ABŞ-ın xam neft ehtiyatlarının ötən hesabat həftəsində 9,9 milyon barrel aşağı düşməsi və ölkədəki neft quyularının da sayının azalması neftin qiymətinin bahalaşmasına təsir göstərib.
Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 79,23 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barrelinin qiyməti isə 74,25 dollara alıcı axtarır.