CƏMİYYƏT
Son dörd ildə dünya iqtisadiyyatına qoyulan investisiyanın 30 faizi Çinin payına düşür
Pekin, 16 oktyabr, Günel Məlikova, AZƏRTAC
Çin Kommunist Partiyasının XIX qurultayı ərəfəsində Avrasiya ölkələrinin bir qrup jurnalistinin Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyində görüşü keçirilib.
AZƏRTAC-ın Çinə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə çıxış edən nazirliyin Avropa və Mərkəzi Asiya ölkələri departamentinin direktor müavini Lyu Bin səfərin qurultay ərəfəsində keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Qurultayda Çin Kommunist Partiyasının gələcək beş il üçün planlaşdırdığı mühüm strateji məsələlər müzakirə ediləcək. 2012-ci ildə keçirilmiş XVIII qurultayda ölkə həyatı üçün mühüm qərarlar qəbul edilib, əməkdaşlıq əlaqələri sahəsində əhəmiyyətli addımlar atılıb. Son beş ildə dünya iqtisadiyyatının yaxşılaşdırılmasında Çin Xalq Respublikasının mühüm rolu olub. Son dörd ildə dünya iqtisadiyyatına qoyulan investisiyanın 30 faizi Çinin payına düşür. 2016-cı ildə xarici investorların Çinə qoyduğu vəsait 120,6 milyard, Çinin xarici ölkələrə qoyduğu investisiya isə 107,1 milyard ABŞ dolları təşkil edib. Qarşılıqlı investisiya proqramları üzrə Çin dünyada üçüncü yeri tutur, patent sayına görə isə dünyada birinci yerdədir. Ölkənin patent alınmasından əldə etdiyi gəlir 1,3 milyard ABŞ dolları təşkil edib. “Bir kəmər, bir yol” layihəsi müxtəlif xarici ölkələrlə əməkdaşlıq sahələrinin genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük rol oynayıb. Bu da dünya iqtisadiyyatının inkişafında Çinin lider ölkələr sırasında durmasına kömək edib. Bir çox sahələrdə olduğu kimi sürətli qatar və mobil ödəməyə görə də Çin dünyada lider ölkələrdəndir. Mobil ödəmə sistemi Çində çox böyük sürətlə inkişaf edir. Hazırda ölkədə alqı-satqı əsasən mobil və ya onlayn ödəmə sistemi ilə həyata keçirilir. Bu da iqtisadiyyatın sürətli inkişafının ən sadə göstəricilərindən biridir. Bundan əlavə, son illər Çin xalqının iqtisadi vəziyyətində də əhəmiyyətli artım müşahidə edilir. Ölkədə yüksək və aşağı gəlirli əhali arasında uyğunlaşdırma layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. 2013-2016-cı illər arasında aşağı gəlirli əhalinin sayı 55,64 milyon nəfər azaldılıb. Hazırda ölkədə 43,45 milyon aşağı gəlirli əhali var. 2020-ci ilə qədər yoxsulluğun tamamilə aradan qaldırılması planlaşdırılır. Çin kasıb əhalinin azaldılması üzrə də dünyada lider ölkələrdən biridir. Ötən ilin hesablamalarına görə, ölkənin şəhər və rayonlarında əhalinin orta gəliri 4 min ABŞ dollarıdır. Tibbi sığorta 1 milyard vətəndaşı əhatə edir. Kəndlərdə təhsil səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli dərəcədə vəsaitlər ayrılır. Pensiyalarda 8,8 faiz artım var. Hazırda ölkədə orta pensiya 400 ABŞ dolları təşkil edir. 2016-cı ildə 120 milyon çinli turist xaricə səfərə çıxıb. Bunları nəzərə alaraq aparılan araşdırmalardan bəlli olub ki, ölkə əhalisinin xoşbəxtlik indeksi xeyli dərəcədə yaxşılaşıb”.
MDB ölkələri və xüsusilə Azərbaycana son illər turist axınının artımına toxunan Lyu Bin bildirib ki, çinli turistlərin həmin ölkələrə daha sıx səfərə çıxmaları əsasən viza rejiminin asanlaşdırılması ilə bağlıdır.
Lyu Bin əlavə edib: “Təbii ki, Çinin iqtisadi inkişafında həllini gözləyən məsələlər də var. Həmin məsələlərdən biri də Çinin bəzi, daha az inkişaf etmiş bölgələrində aşağı və yüksək gəlirli əhali arasında fərqin olmasıdır. Lakin bunun tez zamanda aradan qaldırılması Çin rəhbərliyinin qarşısına qoyduğu prioritet məsələlərindəndir. Bundan əlavə, ölkədə korrupsiya ilə mübarizə istiqamətində mühüm addımlar atılır. Son dörd ildə korrupsiyada təqsirləndirilən 240 min nəfər məsuliyyətə cəlb edilib”.
Direktor müavini Çin Xalq Respublikasının MDB ölkələri ilə sıx əməkdaşlıq əlaqələri olduğunu bildirib: “Qarşılıqlı iqtisadi inkişafla uğurlu gələcəyə yol açmaq olar. Biz bunu birgə etməliyik. Çin ilə MDB ölkələri arasında dinamik inkişaf müşahidə olunur ki, bu da hər iki tərəf üçün çox vacibdir. Qarşılıqlı anlaşma inkişafın əsas nöqtəsidir”.
Çinlə Azərbaycan arasında əməkdaşlıq sahələrinə toxunan Lyu Bin deyib: “Azərbaycanla çox sıx siyasi, iqtisadi və humanitar əməkdaşlıq əlaqələrimiz var. Çin şirkətləri əsasən Azərbaycanda investisiyanı neft-qaz sahəsinə qoymağı planlaşdırırlar və bu sahədə bir sıra müzakirələr aparılır. Mən iki dəfə Azərbaycanda olmuşam. Son gəlişimdə möhtəşəm dəyişikliyin şahidi oldum. Demək olar ki, Bakını tanımadım. Ölkənizdə çox gözəl inkişaf gedir. Düşünürəm ki, təbliğat işlərinin genişləndirilməsi və viza rejiminin asanlaşdırılması çinli turistlərin bu ölkəyə səfərini daha da artıracaq”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Çin Kommunist Partiyasının XIX qurultayının mətbuat mərkəzində tədbirdə iştirak edəcək qeydiyyatdan keçən bütün jurnalistlər üçün ziyafət təşkil olunub.