ELM VƏ TƏHSİL
Son iki ildə “Vikipediya”da 2000-dək məqalə yaradılıb
Bakı, 19 dekabr, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun yaranmasının iki ili tamam olur. Son iki ildə “Vikipediya”da 2000-dək məqalənin yaradılması və redaktəsi uğurlu zəhmətin nəticəsidir. Klubun ekspertləri Qulamhüseyn Məmmədova, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə, Qədir Quliyev və digər könüllülər ölkədə “Vikipediya” prosesinin güclənməsinə böyük təkan verirlər.
Bunu AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib: “Könüllülər və klubun ekspertləri yüksək peşəkar səviyyədə iş ortaya qoyurlar. Bu həm də birgə komanda fəaliyyətinin məhsuludur. Məqalələrin çox hissəsi Azərbaycanın tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini və ədəbiyyatını əhatə edir. Peşəkar tərcüməçi komandanın fəaliyyəti işin keyfiyyətini artırır. Qeyd edim ki, paralel olaraq təlimçilər tərəfindən “Vikipediya” təlimləri də keçirilib. Könüllülər tərəfindən yüzlərlə məqalə yaradılıb. Klubun ekspertləri Qulamhüseyn Məmmədova, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə, Qədir Quliyev və digər könüllülərə “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diplomlar təqdim olunub”.