MƏDƏNİYYƏT
Son illər Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş aşkar edilib
Bakı, 2 noyabr, AZƏRTAC
“Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. 2016-cı ildən icrasına başlanılmış layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev söyləyib. 2016-cı ildən bəri Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirildiyini qeyd edən Vüqar İsayev deyib: “Müfəssəl sənədləşdirmə üçün bütün panellərin fotosu çəkilib, 3D modeli düzəldilib, qeydiyyat vərəqi doldurularaq, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilməklə rəqəmsal eskizlər hazırlanıb.
Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar olunub. Yeni aşkar olunmuş təsvirlər və ümumiyyətlə Cingirdağ-Yazılıtəpə sahəsinin qayaüstü təsvirləri haqqında müfəssəl məlumat hazırlanmaqda olan kataloqda öz əksini tapacaq”.