REGİONLAR
Son illər Oğuzda 47 subartezian quyusu qazılıb
Oğuz, 1 mart, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2020-ci illər ərzində Oğuz rayonunda 47 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, təkcə ötən il rayonda 10 subartezian quyusu qazılıb. Bu quyuların istismara verilməsi nəticəsində 12 min nəfərdən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
İdarə rəisinin sözlərinə görə, hazırda rayon ərazisində 65 subartezian və 14 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1015 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 3 milyon 222 min kubmetr su çıxarılıb. Əkin sahələri və yaşayış məntəqələrinə 3 milyon 59 min kubmetr su verilib.