REGİONLAR


“Son illər Prezidentimizin rəhbərliyi ilə kənd təsərrüfatına, fermerlərə xüsusi qayğı göstərilir” - Salyandan reportaj VİDEO

Salyan, 5 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Ötən altı ayda kənd təsərrüfatında rekord göstərici – 13 faizlik artım əldə edilib. Buna ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar nəticəsində nail olunub. Atılan addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb.

Kənd təsərrüfatının önəmli sahələrindən biri də heyvandarlıqdır. Ötən altı ayda heyvandarlıqda 3 faizə yaxın artımın qeydə alınması, aparılan tədqiqatlar bu sahənin də böyük potensiala malik olduğunu göstərir. Prezident İlham Əliyevin də dediyi kimi, “bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın”.

Süni yolla mayalandırma nəticəsində heyvanların cins tərkibi yaxşılaşdırılır

AZƏRTAC xəbər verir ki, son illər xaricdən cins mal-qaranın gətirilməsi, süni mayalama tədbirlərinin genişlənməsi, alınan hər baş cins buzova görə 100 manat subsidiya ödənilməsi fermerlərin də bu sahəyə marağını artırıb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, eyni zamanda, məhsuldarlığa da öz töhfəsini verir. Süni mayalama tədbirlərinin geniş tətbiq olunduğu rayonlarımızdan biri də Salyandır.

Rayonda əhalinin heyvandarlıq məhsullarına tələbatını ödəmək məqsədilə xaricdən inəklərin alınması ilə yanaşı, yerli inəklərin cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanmaya da xüsusi diqqət yetirilir. Bütün bunlar Salyanda heyvandarlıqla məşğul olan təsərrüfatçıların işini xeyli asanlaşdırıb.

“Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq həmişə fermerlərin yanındayıq”

2018-ci ildə Salyan rayonunda 5256 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb. Nəticədə 2849 baş cinsi yaxşılaşdırılmış sağlam buzov əldə edilib. Dövlət tərəfindən süni mayalanmaya kömək məqsədilə isə 2059 fermerə subsidiya verilib.

Salyan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Mühəndis Rəhimov deyir ki, 2019-cu ilin ötən dövründəki nəticələr ürəkaçandır: “Rayon ərazisində, ümumilikdə, heyvandarlıq təsərrüfatlarında 3098 baş mal-qara süni yolla mayalandırılıb, 4488 baş bala alınıb. Balalar tam sağlamdır. Biz Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq həmişə fermerlərin yanındayıq, onlara lazımi köməkliyi göstəririk”.

Heyvandarlığa dövlət dəstəyi fermerlərin bu sahəyə marağını daha da artırıb

Bu ilin iyul ayına kimi fermerlərə doğulan hər buzova görə verilən subsidiyalar vaxtında ödənilib. Yuxarıda qeyd etdiyimiz kimi, hər bir baş buzova 100 manat subsidiya ayrılır. Bu da fermerlərin heyvandarlıq sahəsinə maraqlarını daha da artırır. Salyanın Aşağı Noxudlu kənd sakini, fermer Daşqın Heydərov da uzun illərdir heyvandarlıqla məşğuldur. O, hər il olduğu kimi, bu il də süni yolla mayalandırma ilə təsərrüfatını genişləndirmək niyyətindədir: “Sağ olsun Prezidentimiz, son illər onun rəhbərliyi ilə dövlət tərəfindən kənd təsərrüfatına, biz fermerlərə xüsusi qayğı göstərilir. Hər sahədə olduğu kimi, heyvandarlıq təsərrüfatlarında da canlanma yaranıb. Fermerlər çox həvəslidir. Mənim 10 baş qaramalım var. Süni yolla mayalandırma nəticəsində 5 baş buzov alınıb. Dövlətimizin bizə verdiyi subsidiyaları vaxtı-vaxtında alırıq. Bu pul bizə çox kömək olur. Heyvanların otuna, yeminə verib təsərrüfatımızı daha da genişləndiririk”.

Cins heyvanlardan süni mayalandırma yolu ilə alınan buzovlar iqlimə tez uyğunlaşır, çəkisi və südü yerli inəklərdəkindən 3-4 dəfə çox olur

Fermerlər süni yolla mayalama tədbirləri ilə yanaşı, xaricdən cins heyvanların lizinq yolu ilə alınmasına da üstünlük verirlər. Bu məqsədlə əhali arasında maarifləndirmə işləri aparılır. Bu isə nəticədə xaricdən lizinq yolu ilə cins heyvanların alınmasına gətirib çıxarır. Fermerlər deyirlər ki, xarici cins heyvanlardan süni mayalama yolu ilə alınan buzovlar iqlimə tez uyğunlaşır, çəkisi və südü yerli inəklərdəkindən 3-4 dəfə çox olur. Bununla yanaşı, cins heyvanların saxlanılması yerli sakinlərə həm ət, həm də süd baxımından olduqca sərfəlidir.

Qeyd edək ki, heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə rayonda 14 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.