REGİONLAR


Son illər Sabirabadda 4 yeni məktəb binası tikilib, 5 məktəb binası əsaslı təmir olunub

Sabirabad, 10 sentyabr, AZƏRTAC

Son illər Sabirabadda müasir standartlara cavab verən 4 yeni məktəb binası tikilib istifadəyə verilib, rayonun daxili imkanları hesabına 5 məktəb binası əsaslı təmir olunub. Hazırda Qaratəpə kənd orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. Yaxadəllək kənd tam orta məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Həmçinin bu il rayonda 8 modul tipli məktəb binası quraşdırılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Sabirabadda təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri düzüblər.

Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, məktəb direktorlarının, qabaqcıl müəllimlərin və ictimaiyyət nümayəndələrinin, həmçinin bu il ali məktəblərə qəbul olunan sabirabadlı gənclərin iştirak etdikləri konfransda rayonda təhsil sahəsində əldə olunan nəticələrdən danışılıb. Vurğulanıb ki, qəbul imtahanlarının nəticələrinə görə, bu il ümumtəhsil məktəblərini bitirən məzunlardan 311 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 15 nəfəri 600-dən yuxarı, 37 nəfəri isə 500-600 arası bal toplayıb.

Qeyd edilib ki, yeni dərs ilində rayondakı 85 ümumtəhsil məktəbində 26 min 122 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 2 min 366 müəllim məşğul olacaq. Müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” adına, 11 nəfəri “Tərəqqi” medalına layiq görülüb, 14 müəllim isə “Qabaqcıl təhsil işçisi”dir.

Tədbirdə çıxış edənlər, həmçinin işdə yol verilmiş nöqsanları ətraflı təhlil edərək, mövcud problemlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda rayonun ümumtəhsil məktəblərinin bir qrup qabaqcıl müəlliminə və 600-dən çox bal toplayan məzunlara pul mükafatı, qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.