REGİONLAR
Son illər dulusçuluq sənətinə maraq azalıb - lənkəranlı sənətkarın emalatxanasından reportaj VİDEO
Lənkəran, 25 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Qədim sənətkarlıq növlərindən olan dulusçuluq Azərbaycanda böyük inkişaf yolu keçib. Dövr dəyişdikcə, texnologiya inkişaf etdikcə bu sahəyə maraq azalıb, lakin az sayda olsa da hələ də bu işlə məşğul olanlar var. Onlardan biri də lənkəranlı sənətkar Zahid Əkbərovdur.
AZƏRTAC xəbər verir ki, sənətkarlar məntəqəsi sayılan Lənkəranın Separadi kəndində bir vaxtlar 30-a yaxın ailə dulusçuluqla məşğul olub. İndi kəndin yeganə dulusçusu Zahid Əkbərovdur. O, ata-baba sənətinə 11 yaşından maraq göstərib. İllər ötdükcə bu sahədə püxtələşən sənətkar deyir ki, bu iş səbir, bacarıq və incəlik tələb edir. İşin əsası isə xammalın əldə olunmasından başlayır: “İstifadə edəcəyimiz torpağın əvvəl yerini təyin edirik. Üst qatını atırıq. Altı qumdur. Gətirib həyətdə üzərinə su tökürük. Tapdalayıb plastilin halına gətiririk”.
Babası Mirəşrəfin düzəltdiyi və bu günədək işlək vəziyyətdə olan çarxın 120-dən çox yaşı var. Əvvəllər yalnız ayaqla hərəkətə gətirilən çarxa usta motor qoşaraq müasirləşdirib. Bu, həm onun işini asanlaşdırıb, həm də istehsal daha tez başa gəlir. Ölçüsündən asılı olaraq bir qab 4-5 dəqiqəyə hazır olur. Bir saata təxminən 50-70 qab düzəldən dulusçu deyir ki, daha çox tələbat piti qablarınadır: “Əvvəllər nehrə düzəldərdik. İndi nehrə alan azdır. Vaxt var idi, 200-300 nehrə düzəldərdik. Piti qablarını çox sifariş verirlər. Alıb restoranlara aparırlar. Gül qabları üçün də yeni sifariş almışam. Belə xırda qablardan 5-10 min ədəd sifariş verərdilər. İndi alıcısı azdır. Nehrə istəyənlərin də sayı azalıb. Bu qablardan haradasa min ədəd düzəldirik”.
Ustanın sözlərinə görə, saxsı qabda bişirilən yeməyin ayrı ləzzəti olur. Rayona gələn xarici turistlər də bu baxımdan saxsı qablara maraq göstərir, hətta sifariş edib öz ölkələrinə aparırlar. “Bura Amerikadan da gələn olub. Çəkiliş də aparıblar. Turistlər hansı qabı istəyiblərsə, onlar üçün düzəltmişəm. Xaricdən sifarişlərimiz də çox olub. 15-20 günə hazırlayıb vermişəm. Çölmək qabı düzəltmişəm. Gördüyünüz bu qablar isə qapaqlı piti qablarıdır. Bizdə mətbəxlərdə istifadə olunur, müxtəlif yeməklər bişirirlər saxsı qablarda”, - deyə o əlavə edib.
Təxminən 10 gün kölgədə qurudulan qablar xüsusi düzəldilmiş kürələrdə bişirilir. Zahid usta təkcə dulusçuluq məmulatları düzəltmir, o, həm də təndirlər hazırlayır. Ən çox sifarişi isə yol kənarlarında çörək bişirən təndirxanalardan alır. Lakin bütün bunlara baxmayaraq, hazırda bu sənət unudulmaq və tarixdən silinmək təhlükəsi ilə üz-üzədir. Səbəb davamçılarının olmaması, yeniyetmə və gənclərin bu sahəyə maraq göstərməməsidir.
Qeyd edək ki, Zahid Əkbərovun hazırladığı dulusçuluq məhsulları Bakıda və rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilir və keyfiyyətinə görə insanlar tərəfindən bəyənilir.