CƏMİYYƏT
Son illər ölkədə vərəmə yoluxma hallarında azalma müşahidə olunur VİDEO


Bakı, 27 mart, AZƏRTAC
Martın 27-də Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu və Pulmonolqlar İctimai Birliyi birgə əməkdaşlıqda Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, institutun direktoru Həqiqət Qədirova bildirib ki, tədbir vərəmlə mübarizə sahəsində mövcud vəziyyət və inkişaf perspektivlərini müzakirə etmək imkanı verir. Qeyd olunub ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə Məqsədlər təyin edib. Bu məqsədlərdən biri vərəmin qlobal epidemiyasının ləğv edilməsidir. Dünya Səhiyyə Təşkilatının 2016-2035-ci illər üzrə Vərəmin ləğv edilməsi Strategiyası qəbul olunub. Bu strategiya 2014-cü ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən dəstəklənib. 2015-ci illə müqayisədə 2030-cu ilə qədər vərəmdən ölüm hallarının sayı 90 faiz, vərəmdən xəstələnmə göstəricisi isə 80 faiz azaldılmalıdır.
İnstitutun elmi işlər üzrə direktor müavini İradə Axundova bildirib ki, vərəmə 25-44 yaşarası aktiv həyat tərzi sürən insanlar arasında daha çox rast gəlinir. Bunların arasında kişilər üstünlük təşkil edir. Qeyd olunub ki, son illər ölkədə vərəmə yoluxma hallarında azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2016-cı ildə ölkədə 3500 nəfərdə vərəmə yoluxma aşkar edilib. Uşaqlar arasında bu xəstəliyə yoluxma 3-4 faiz təşkil edir. Vərəmdən ölüm hallarına isə hər 100 mindən 3-3,8 nəfərdə rast gəlinir. 2015-ci illə müqayisədə bu rəqəmlərdə azalma müşahidə edilir. Belə ki, 2015-ci ildə bu rəqəm 4,2 nəfər olub.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə əlaqələndiricisi Cəvahir Süleymanova qeyd edib ki, dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 72 faizdən 76 faizə, çoxsaylı dərmanlara davamlı (ÇDD) vərəmin aşkarlanma göstərici 30 faizdən 63 faizə, ÇDD-vərəm müalicə əhatəsi 63 faizdən 96 faizə, ÇDD-vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 48 faizdən 51 faizə yüksəlib. C.Süleymanova onu da qeyd edib ki, dünyada 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarının sayı 8,3 faiz azalıb, vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfərə 40 faizdən 36 faizə enib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xatırladaq ki, 2016-cı ilin aprel ayında səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsinə dair əmr imzalayıb.