REGİONLAR
Son illərdə Ağcabədidə 35 yeni məktəb binası tikilib
Ağcabədi, 7 sentyabr, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da təhsilin inkişafı, xüsusilə onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Son 11 ildə rayonda 10 min 900 şagird yerlik 35 yeni məktəb binası tikilib, 5968 şagird yerlik 13 məktəb binası əsaslı təmir edilib. Yeni tikilən və əsaslı təmir olunan məktəblər müasir avadanlıqlarla tam təchiz edilib. Hazırda şəhər 2 və 4 nömrəli, Hacıbədəlli, Kəhrizli tam orta, Aran 3 nömrəli ibtidai məktəblərdə cari təmir işləri aparılır. Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin 240 şagird yerlik binası əsaslı təmir edilib.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ağcabədi rayon mədəniyyət evində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında səsləndirilib. Rayon təhsil şöbəsinin müdir əvəzi Əfrasiyab Məmmədovun 2015-2016-cı tədris ilindəki fəaliyyətə dair hesabat məruzəsində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub.
Məlumat verilib ki, 2015-2016-cı dərs ilində rayonda 62 ümumtəhsil məktəbi, o cümlədən 50 tam orta, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət göstərib. 20 min 37 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2696 müəllim məşğul olub. Hesabat ilində Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Həqiqət Mirzəliyeva “Əməkdar müəllim” adına, Hindarx qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Dəyanət Fərzəliyev “İlin ən yaxşı müəllimi” adına layiq görülüblər. Ötən dərs ilində 23 nəfər gənc müəllim vakant yerlərə müsabiqə yolu işə qəbul edilib. 2016/2017-ci dərs ilində isə 28 müəllim test və müsabiqədən keçərək işə qəbul üçün rayona göndərilib.
Bildirilib ki, ötən dərs ilində rayonun orta ümumtəhsil məktəblərini bitirən 1349 məzundan 620 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib, 328 nəfər müxtəlif ali məktəblərə daxil olub. Gənclərdən 30 nəfəri 500-600 arası, 16 nəfəri isə 600-dan çox bal toplayıb.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və digər çıxış edənlər ölkədə həyata keçirilən təhsil islahatlarından, bu sahədə əldə olunan uğurlardan və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb, rayonun təhsil işçilərinə uğurlar arzulayıblar.