CƏMİYYƏT


Son kəşfiyyat, son döyüş
 Şəhid Araz Pirimovun xatirəsi anılıb

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Dövlət Sosial-İqtisad Kollecində Vətənimizin bütövlüyü uğrunda Qarabağ müharibəsində canından keçmiş şəhid Araz Əhməd oğlu Pirimovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şöhrət Səlimbəylinin şəhidin həyat yolundan bəhs edən “Son kəşfiyyat, son döyüş” adlı kitabı təqdim olunub.

Tədbirdə çıxış edən Kollecin direktoru Vidadi Orucov qəhrəman şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb. Bildirib ki, şəhid Araz Pirimov Bakı Dövlət Sosial-İqtisad Kollecinin yetirməsi olub. O, bütün qonaqların şəhidin müqəddəs ruhunun təntənəsinə toplaşdığı bu günün Milli Qurtuluş Gününə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qanlı-qadalı günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə hərc-mərcliyə və özbaşınalığa son qoyulub. Düşmənin aramsız hücumlarının qarşısı kəsilib. Məhz Heydər Əliyev dühasının rəhbərliyi dövründə “Əsrin müqaviləsi” adlı neft müqaviləsi imzalanıb. Bununla da Azərbaycanın həm siyasi, həm də iqtisadi təhlükəsizliyi təmin edilib. V.Orucov deyib ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, ən qısa zamanda Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad ediləcək.

Sonra yazıçı Şöhrət Səlimbəyli həmin illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açıb. O, Vətən uğrunda həyatını qurban vermiş şəhid Araz Pirimovun göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, onun Qurban Pirimov ocağının yetirməsi olduğunu diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər – Əməkdar müəllim, şair Əyyub Şuşalı, Baki Ali Neft Məktəbinin dekanı Zəfər Qurbanov, Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, Bakı Dövlət Sosial-İqtisad Kollecinin müəllimi Allahverdi Culfayev şəhidin Vətənimiz uğrunda gedən döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlıqdan danışıblar. Onun həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayaraq şəhidin şərəfli ömür yolundan söhbət açıblar. Qeyd edilib ki, Araz Pirimovun şərəfli həyat yoluna nəzər saldıqda bir daha şahid olursan ki, insan sevdiyi Vətəni uğrunda canından keçə bilər.

Sonda şəhidin qardaşı Azad Pirimov ailəsi adından tədbir iştirakçılarına və təşkilatçılarına, şəhidin xatirəsinin yad edilməsində əməyi olan kollecin tələbə və müəllim heyətinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.