REGİONLAR


Son nəfəsinədək Vətən uğrunda döyüşən Asif Talıblı VİDEO

Biləsuvar, 27 aprel, İsmayıl Cəfərli, AZƏRTAC

Vətən müharibəsi başlayanda Biləsuvar şəhərindən olan Talıbovlar ailəsi döyüşə 3 qəhrəman övlad göndərib. Eyni cəbhədən döyüşlərə qatılan qardaşlar sona qədər bir-birilərini görməsələr də, dillər əzbəri olan igidlikləri bu gün onları hamıya tanıdıb. Tarixi zəfərimizə öz şəhadəti ilə imza atan qardaşlardan biri, baş çavuş Asif Talıblının doğumundan 28 il ötür.

AZƏRTAC xəbər verir ki, övlad itirmək nə qədər ağır olsa da, qələbə dolu zəfər ailənin göz yaşlarını, kədərini də sevinclə əvəzləyə bilib. Valideynlərlə söhbətimizdən məlum olur ki, qardaşların sonsuz vətən sevgisi, hərb sənətinə bu qədər marağı da ailədən, valideynlərin vətənpərvər tərbiyəsindən başlayır. Böyük qardaşı Vasif kimi, Asif də həqiqi hərbi xidmətindən sonra, düz 8 il idi Daxili Qoşunların tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu idi. Qorxmazlığı, xüsusi bacarıqlarına görə o, komandanlıq tərəfindən Xüsusi Təyinatlı Dəstəyə qəbul edilmişdi. Vətən müharibəsi başlayanda, Asif də Murovdağ istiqamətindən düşmənə qan udduran dəstə ilə döyüşlərə qatılıb.

Şəhidin atası Arif Talıbov: “Asif Murovdağın, Kəlbəcərin azad olunmasında iştirak edib. Vətən müharibəsində igidliklə vuruşan oğlum Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Hadrut istiqamətində olub. Döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadətə yüksəlib. Mənim uşağım həqiqətən də tarix yazıb. Mən övladımla fəxr edirəm. Çünki o, vətənin bütövlüyü uğrunda canından keçib. Şəhadətə yüksəlib”.

Qəhrəman döyüşçülərin anası Xalidə Talıbova belə vətənpərvər oğullar yetişdirdiyinə görə fəxarət hissi keçirdiyini deyir: “İndi oğlum cənnətdədir. Özü olmasa da, qız övladı bizimlədir. Onun qoxusunu ondan alıram. Xoşbəxtəm ki, Asif kimi övlad böyütmüşəm. Oğlum Vətən müharibəsində qəhrəmancasına şəhid oldu. Allah ruhunu şad eləsin. Bütün şəhidləri rəhmət etsin. Qazilərə can sağlığı versin”.

Qardaşı Vasif deyir ki, hər üçümüz cəbhənin əksər qaynar əməliyyat zonalarında döyüşürdük. Amma bir-birimizi sonacan görə bilmədik, hətta telefon əlaqəsi belə olmadı. Oktyabrın 12-də komandirim, qardaşım Asifin Hadrut uğrunda gedən qanlı döyüşlərdə düşmən snayperindən açılan güllədən şəhid olması xəbərini mənə dedi: “Ön cəbhədə çətin alınmaz postlar vardır. Düşmən postlar qurmuşdular. Onların alınmasında qardaşımın böyük şücaəti olub. Yanında olmamışam, amma bunu onun döyüş yoldaşları deyir. Nəhayət, oktyabrın 12-i Hadrut istiqamətində qızğın döyüşlər oldu, o, döyüşlər zamanı həmin gecə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı. Mən bu gün şəhid qardaşımla fəxr edirəm, qardaşım şəhiddir. Başımızı uca edib. Sağlığında da başımızı uca edib, ölümü ilə də başımızı uca etdi. Şəhidlik zirvəsinə ucaldı”.

Bəli, özündən sonra 3 yaşlı qızı Ayan balanı bizlər üçün əmanət qoyub gedən Asif, həm də tarixdə görünməyən iz qoyub getdi. Doğulduğu Zəhmətabad kənd qəbiristanlığında dəfn olunan 27 yaşlı qəhrəmanımız, ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.