REGİONLAR
Son üç ildə Balakəndə heyvan sahiblərinə 230 min manat subsidiya ödənilib
Balakən, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2018-ci ildə Balakən rayonunda 2488 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan buzovların sayı isə 2017-ci illə müqayisədə 143 baş artaraq 1219 baş olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötən il Balakən rayonu üzrə 1118 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 1219 baş cinsi yaxşılaşdırılmış buzova görə 121 min 900 manat subsidiya hesablanıb. Subsidiyanın 95 min 600 manatı ilin sonunadək heyvan sahiblərinə ödənilib. Qalan 26 min 300 manat vəsaitin də bu ilin birinci rübündə ödənilməsi təmin ediləcək.
Elvin Səmədov deyib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 3 ildə Balakən rayonunda 7812 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 2300 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 230 min manat subsidiya ödənilib. Hazırda rayonda süni mayalama üzrə 6 mütəxəssis fəaliyyət göstərir.