REGİONLAR
Son üç ildə Sabirabadda 81 min ədəd tut tingi əkilib
Sabirabad, 24 dekabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə rayonda yeni-yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son üç ildə ayrı-ayrı yaşayış məntəqələrində 81 min ədəd tut tingi əkilərək kümçülərə təhkim edilib. Tinglərin 60 min ədədi 2016, 8 mini isə 2017-ci ildə əkilib. Bu il isə 10 ərazi dairəsi üzrə nümayəndəlikdə Çin Xalq Respublikasından alınan 3 min, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən 8 min ədəd tut tingi əkilib. Tinglər mütəxəssislərin iştirakı ilə aqrotexniki qaydalara uyğun əkilib. Yeni tinglərin əkini ilə yanaşı mövcud tut bağlarına da qulluq göstərilir, suvarılır, mühafizəsi üçün qoruyucu zolaqlar çəkilir.
Qeyd edək ki, cari ildə sabirabadlı kümçülər 14 ton 100 kiloqram barama istehsal ediblər.