REGİONLAR


Son üç ildə Salyanda 4 yeni məktəb binası tikilib, 1 məktəb isə əsaslı təmir edilib

Salyan, 11 sentyabr, Mahir Babayev, AZƏRTAC

Son üç ildə Salyanda 4 yeni məktəb binası və əlavə korpuslar tikilib istifadəyə verilib, 1 məktəb binası isə əsaslı təmir edilib. Hazırda rayonun Sarvan və Kürsəngi kənd tam orta məktəblərində əsaslı təmir işləri aparılır, Bəşirbəyli kəndində isə 120 yerlik yeni məktəb binası inşa olunur. Artıq Kürsəngi və Bəşirbəyli məktəblərində tikinti işləri yekunlaşıb. Binalar yeni dərs ilində istifadəyə veriləcək. Sarvan kənd tam orta məktəbində isə təmir işləri ilin sonunadək başa çatdırılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Salyanda keçirilən müəllimlərin ənənəvi sentyabr konfransından danışılıb.

Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim 2017-2018-ci tədris ilini, ümumilikdə, müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərinin XI sinfini bitirən 1056 şagirddən 363 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 27 nəfəri 600-dən çox, 90 nəfəri isə 500-600 arası bal toplayıb.

Məlumat verilib ki, yeni tədris ilinə hazırlıq işləri 53 ümumtəhsil məktəbinin hamısında yekunlaşıb, dərslik və ədəbiyyat, elektron vəsaitlər və digər ləvazimatlar məktəblərə paylanıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yen dərs ilinin başlaması münasibətilə müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib.

Sonda 600-dən çox bal toplayan məzunlara qiymətli hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.