DÜNYA


Son yeddi ildə ABŞ-da avtomobil qaçırılması hallarının sayı 510 faiz artıb

Vaşinqton, 25 yanvar, AZƏRTAC

Son yeddi ildə ABŞ-ın iri şəhərlərində avtomobil qaçırılması hallarının sayı 510 faiz artıb. Belə hadisələrin çoxu Çikaqo, Nyu-York, Filadelfiya və Yeni Orleanda baş verir. Bu şəhərlərdə avtomobil qaçırılması statistikası durmadan artır.

AZƏRTAC xəbər verir ki, ekspertlərin çoxunun fikrincə, bu artımın əsas səbəbi cinayət hüququ islahatlarıdır. Digərləri belə hesab edir ki, bu vəziyyət pandemiya dövründə baş vermiş dəyişikliklərlə, o cümlədən çatdırma xidmətlərinə tələbatın artması ilə bağlıdır.

ABŞ şəhərlərində kriminal hadisələri izləyən “Metro Crime”nin hesablamalarına görə, keçən il Çikaqoda 1849 avtomobilin qaçırılması qeydə alınıb. Bu, 2014-cü ilin müvafiq göstəricisi (303 hadisə) ilə müqayisədə 510 faiz çoxdur. Keçənilki göstərici 2020-ci ildə qeydə alınmış 1413 hadisə ilə müqayisədə 30 faiz çoxdur.

Nyu-Yorkda son üç ildə avtomobil qaçırılması hallarının sayı 350 faizdən çox artaraq, 2021-ci ildə 510 fakta bərabər olub. Müqayisə üçün bildirək ki, 2020-ci ildə Nyu-Yorkda 328, 2019-cu ildə 132, 2018-ci ildə 112 avtomobilin qaçırılması qeydə alınıb.

Belə hadisələrin sayının kəskin artdığı şəhərlərdən biri də Filadelfiyadır. Filadelfiya polis komissarı Daniel Autluonun sözlərinə görə, keçən il bu şəhərdə 750 avtomobil qaçırılması qeydə alınıb. Bu, əvvəlki ilin göstəricinə nisbətən 34 faiz çoxdur.

Yeni Orleanda da bu göstərici artmaqdadır. 2020-ci ildə belə cinayətlərin sayı 278-ə bərabər olub. Bu isə 2019-cu ilin göstəricisi ilə müqayisədə 104 faiz çoxdur. Keçən il bu şəhərdə 288 avtomobil qaçırılıb.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.