CƏMİYYƏT
Son zamanlar əməyin təhlükəsizliyi qaydaları işəgötürənlər tərəfindən kobud şəkildə pozulur
Bakı, 11 oktyabr, AZƏRTAC
Təəssüflər olsun ki, işəgötürənlər əməyin təhlükəsizliyinə yönəldilməli olan vəsaitə qənaət edir, onu başqa istiqamətə yönəldirlər. Bunun nəticəsidir ki, tikintidə insan itkisi ilə nəticələnən hadisələr baş verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib. Nazir qeyd edib ki, bu sahədə sığorta işini həyata keçirən şirkətlər özlərinin sığorta yığımlarının bir hissəsindən ölkədə əməyin təhlükəsizliyi normalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün müəyyən bir fond yaratmalıdırlar.