CƏMİYYƏT
Son zamanlar müşahidə olunan yeraltı təkanlar güclü zəlzələ gözlənməsinə dəlalət etmir
Son zamanlar Azərbaycanda müşahidə olunan yeraltı təkanlar respublikanın bu və ya digər regionunda güclü zəlzələ gözlənməsinə dəlalət etmir. Ölkəmiz seysmik baxımdan aktiv bölgədə yerləşir. Bu cür yeraltı təkanların heç bir qorxusu yoxdur. Bunlar, sadəcə olaraq seysmik fon səviyyəsində zəlzələlərdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu fikirləri AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə söyləyib.
O bildirib ki, bu ilin fevral ayında Hacıqabulda baş vermiş zəlzələ yeraltı təkanların ocaqlarını fəallaşdıraraq bu prosesləri sürətləndirib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri deyib: “Bu il fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 kilometr şimal-şərqdə, Hacıqabul rayonun ərazisində zəlzələ qeydiyyata alınıb. Maqnitudası 5,8 bal olmuş zəlzələ 55 kilometr dərinlikdə baş verib. Son 40 ildə həmin regionda bu cür güclü zəlzələ olmayıb. Zəlzələ hətta Bakıda da hiss olunub. O vaxtdan indiyə qədər maqnitudası 5 baldan yuxarı olan bir neçə zəlzələ baş verib. Hiss edilən təkanların sayı 26, daha zəif təkanların sayı isə qat-qat çox olub. Qəbələ-Xınalıq, Daşgil-Mədrəsə, İsmayıllı-Qəbələ, Qəbələ-Çaxırlı və Qozluçay plitələrində dərin çatlar və geodinamik hərəkətlər nəticəsində təkanlar fəallaşır və zəlzələlər baş verir. Lakin vahiməyə düşmək üçün əsas yoxdur. Gün ərzində respublikamızın ərazisində 3, 4, 5, bəzən hətta 8, 10 təkan qeydə alınır. Belə təkanlar çox zəif olur və onları yalnız xüsusi cihazlar vasitəsilə qeydə almaq mümkündür”.