REGİONLAR
Sona Qazıyeva: Ulu Öndəri fərqləndirən başlıca cəhət sadəliyi, Vətəninə, xalqına bağlılığı idi

Zaqatala, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün bura xalqımızın ən gözəl keyfiyyətlərini özündə cəmləşdirən dahi şəxsiyyət, böyük düha sahibi, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün toplaşmışıq. Ulu Öndəri digər şəxslərdən fərqləndirən başlıca cəhət sadəliyi, doğma Vətəninə, xalqına bağlılığı idi.
Bu sözləri Zaqatala ziyalısı, rayon Ağbirçəklər Şurasının və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Sona Qazıyeva ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar rayonda keçirilən anım tədbiri zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Ulu Öndərlə ilk dəfə 1972-ci ilin martında respublika komsomolunun 28-ci qurultayı çərçivəsində görüşdüyünü bildirən Sona Qazıyeva həmin anları belə xatırlayır: “Qurultayda mənim də çıxışım var idi. Çıxışımı qurtardıqdan sonra üzümü qurultayın rəyasət heyətində əyləşən ulu öndər Heydər Əliyevə çevirdim və bacım Sevil Qazıyeva haqqında yazdığım şeiri oxumaq üçün ondan icazə istədim. Ulu Öndər gülümsəyərək soruşdu: “Sən şeir də yazmağı bacarırsan?”. O zaman mən çox gənc idim, 18 yaşım var idi. Şeirim Ulu Öndərin xoşuna gəldi”.
Həmin qurultaydan qısa müddət keçdikdən sonra Sona Qazıyeva ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən pambıqçılıq üzrə ümumittifaq müşavirəsində iştirak edir, tədbirdəki çıxışı ilə hamını təəccübləndirir.
Sona Qazıyeva deyib ki, ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc kimi, onun da fəaliyyətinin istiqamətləndirilməsində, gələcək həyatının müəyyənləşdirilməsində, həmçinin əməyinin qiymətləndirilməsində o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin böyük rolu olub. Bacısı, məşhur pambıqyığma ustası, mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın yolunu davam etdirmək üçün Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozunda işə başlayan Sona Qazıyeva tezliklə gənclərdən ibarət mexanikləşdirilmiş briqada yaradır və ona başçılıq edir. Həmin illərdə Ulu Öndər Beyləqana səfər edərkən bir neçə dəfə Sona Qazıyevanın çalışdığı briqadaya da baş çəkib, gənc mexanizatorlarla görüşüb söhbətləşib.
Zaqatala ziyalısı müsahibəsində xalqımızın böyük oğlu Heydər Əliyevin əziz xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb.